İqtisadiyyat xəbərləri

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk beynəlxalq konfransını keçirəcək

12:04 13-10-2017

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı ilk beynəlxalq konfransını keçirəcək

İqtisadi İslahatların Təhlili  və Kommunikasiya Mərkəzi oktyabr ayının 19-da “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edir.

 

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olacaq. Məruzəçilər ixrac prosedurlarının sadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edəcəklər.

 

Konfrans çərçivəsində İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi, Rusiyanın “Gazinformservis”, “UTS GIS” və Polşanın “Asseco Data System” şirkətləri arasında elektron hüquqi əhəmiyyət kəsb edən sənədlərin transsərhəd mübadiləsi və elektron imzaların qarşılıqlı tanınması istiqamətində əməkdaşlıq haqqında Memorandumların imzalanması nəzərdə tutulur.

 

Beynəlxalq tədbirdə Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə, Əfqanıstan, Çin, Mərakeş, Ukrayna, və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.



© APA 2017