İqtisadiyyat xəbərləri

Bu il Azərbaycanda iki toxum təmizləmə zavodu istifadəyə veriləcək

14:02 12-07-2018

Bu il Azərbaycanda iki toxum təmizləmə zavodu istifadəyə veriləcək

"Bu il Azərbaycanda iki toxum təmizləmə zavodunun istifadəyə verilməsi planlaşdırılır".

 

“APA-Economics”in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi yanında Toxum Fondu fəaliyyət göstərir: “Artıq toxum təmizlə zavodlarında işlərin 60-70%-i demək olar ki, tamamlanıb. Həmin zavodlardan biri Xaçmazda, digəri isə Şəkidə yerləşir. Zavodda texnologiya xətlərinin quraşdırılması üzrə işlər davam etdirilir. Bu zavodlar beynəlxalq təcrübədən yararlanaraq toxumçuluğun inkişafına müsbət töhfəsini verəcək”.

 

M. Əliyev bildirib ki, bu zavodlarda ilkin olaraq strateji məhsullara üstünlük veriləcək: “Dövlət büdcəsindən daha üç zavodun tikintisi üçün vəsait ayrılıb. Bu zavodlar inşa edildikcə və onların sayları artdıqca, təbii ki, digər toxumçuluq sahələrinə də köməklik göstərəcəyik.". 

 

Nazirlik rəsmisi bildirib ki, hazırda Tərəvəzçilik İnstitutunda çox vacib layihə həyata keçirilir: “Bu layihə tərəvəz toxumçuluğunun inkişafı ilə bağlıdır. Beynəlxalq təcrübəyə əsaslanaraq burada ram yenilənmiş laboratoriya, istixanalar, eyni zamanda  tərəvəz toxumlarının istehsalı və emalı üçün xüsusi zavod tikilir. Zavodun ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu zavodda  İsrail təcrübəsindən istifadə ediləcək. Bu zavodlar mərhələli şəkildə tikilib istifadəyə verildikdən sonra ölkəmiz toxumçuluq ixracatçısı ölkə olacaq”.



© APA 2018