İqtisadiyyat xəbərləri

“Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Koordinasiya Komitəsinin yığıncağı keçirilib

15:21 14-03-2018

“Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Koordinasiya Komitəsinin yığıncağı keçirilib

Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Komitənin yığıncağında Ukrayna tərəfinin son dəyişikliklərini nəzərə alaraq, 2018-ci il üçün “Cənub-Qərb” marşrutundakı xüsusi heyət üçün istifadə olunan vaqon və konteynerlərdə yüklərin daşınmasına dair tariflərin nəzərdən keçirilməsi; Slavkuv-Astara (İran) marşrutu üzrə ilk test konteyner (blok) qatarının göndərilməsi;  Universal heyətlə yüklərin (taxıl, bitki mənşəli yağlar, metal məmulatları, tikinti materialları, polietilen, polipropilen, filiz, bitum, şüşə, tomat pastası, quru meyvələr və s.) daşınmasına dair kompleks tariflərinin nəzərdən keçirilməsi; 2018-ci il üçün Cənub-Qərb marşrutu üzrə universal və xüsusi konteynerlərdə təhlükəli yük daşınmasının müzakirəsi və razılaşdırılması; Astara (İran) stansiyasının istismara verilməsindən sonra, Azərbaycan və İrana yükdaşıma tariflərinin Azərbaycan və İran tərəfindən yenidən nəzərdən keçirilməsi və təsdiq edilməsi;  Marşrutun dəniz hissəsində (Qara dənizdə) tarif şərtlərinin optimallaşdırmasına dair əldə edilmiş nəticələrin Ukrayna və Gürcüstan tərəflərinə təqdim edilməsi; Azərbaycan, Gürcüstan, İran və Polşa tərəfləri arasında (ay ərzində bir blok-qatardan artıq olmaması şərti ilə) boş konteyner və boş platformaların daşınma ödənişindən azad edilməsi məsələsinin nəzərdən keçirilməsi; bu məsələ üzrə Ukrayna tərəfinin yekun qərarının İşçi qrupuna açıqlanması; Kompleks tariflərinin yerləşdirilməsi haqqında Azərbaycan tərəfinin məlumatının marşrutun veb-səhifəsində, həmçinin marşrut iştirakçılarına təqdim edilməsi və digər strateji əhəmiyyətli məsələlər müzakirə olunub.

 

Tərəflər müzakirə olunan məsələlərin “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafına, tranzit potensialının artırılmasına və əlavə yüklərin cəlb edilməsinə xidmət göstərəcəyini bildiriblər.

 

Sonra yığıncağın protokolunun imzalanması mərasimi keçirilib.

 

Tədbir çərçivəsində dəmir yolu administrasiyalarının təqdimatları (mövcud potensial və imkanlar, planlar) olub, eyni zamanda potensial müştəri və ekspeditor şirkətləri ilə işgüzar görüşlər də baş tutub.

 

Xatırladaq ki, “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutu Avropa Birliyi ilə Hindistan arasında yüklərin daşınmasına hesablanıb. Dəhliz İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasında vaxt itkisini azaldır. İlkin hesablamalara əsasən bu dəhliz üzrə yük daşımaları 7 gün ərzində həyata keçirmək mümkün olacaqdır. Alternativ marşrutlarda çatdırılma vaxtı 35-37 gün təşkil edir.



© APA 2018