İqtisadiyyat xəbərləri

“Cənub-Qərb” marşrutu üzrə daşınacaq yüklərə güzəştli tariflər tətbiq oluna bilər

13:44 19-06-2017

“Cənub-Qərb” marşrutu üzrə daşınacaq yüklərə güzəştli tariflər tətbiq oluna bilər

"Cənub-Qərb" nəqliyyat marşrutu layihəsinin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası,  "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələlərinin müzakirəsindən sonra Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları rəhbərləri arasında bir sıra sənədlər imzalanıb.

 

“APA-Economics” xəbər verir ki, müzakirələrdən sonra Hindistan – Fars Körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa istiqaməti üzrə daşımaların optimallaşdırılmasına və həmçinin tərəflərin tranzit potensialının artırılmasına xidmət edəcək "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanlarının genişləndirilməsi qərara alınıb. Eyni zamanda, iştirakçı ölkələrin dəmir yolları tərəfindən “Cənub-Qərb” nəqliyyat marşrutu üzrə daşınacaq yüklərə güzəştli tariflərin tətbiqi məsələsinin araşdırılması da məqsədəuyğun sayılıb.

 

Əldə olunmuş razılığa əsasən, “Cənub-Qərb” marşrutu üzrə Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın dəmir yolları arasında koordinasiya işləri “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib. Qeyd edək ki, “Cənub-Qərb” marşrutu üzrə strateji əhəmiyyətli məsələlər, həmçinin marşrutun inkişaf perspektivləri Koordinasiya Komitəsi tərəfindən həll olunacaq. Marşrut üzrə yüklərin daşınmasında mövcud olan və yaran biləcək maneələrin aşkar edilməsi və aradan qaldırılması məqsədilə, Koordinasiya Komitəsinin nəzdində Azərbaycan, Gürcüstanı, İran, Ukrayna və Polşa dəmir yollarının  nümayəndələrindən ibarət İşçi Qrup yaradılacaq.

 

 



© APA 2017