İqtisadiyyat xəbərləri

Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

15:18 27-12-2017

Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamına uyğun olaraq Kürdəmir rayonunda həyata keçirilən layihə uğurla  yekunlaşıb.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində rayonun 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib. 

 

Kürdəmir rayonunun Qaraqocalı kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Qeyd edib ki, sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına töhfə verib. 

 

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.

 

Kəndlərə yeni mənbədən verilən suyun keyfiyyəti ilə sakinləri əyani tanış etmək məqsədilə “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyası tərəfindən analizlər aparılıb və nəticələr sakinlərə nümayiş etdirilib. Uzun illər suvarma kanallarından götürülən sudan istifadə edən kənd sakinləri keyfiyyətli su ilə təminata göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq Kürdəmir rayonunda icra olunan layihələr 12 yaşayış məntəqəsini - Mürtülü, Qağacalı, Şıxımlı, Topalhəsənli, Şahsevən, Qaraqocalı, Xırdapay, Yeni Şıxımlı, Qurdbayram, Ucarlı, Balakəngərli kəndləri və Qarabucaq qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Külüllü-Kürdəmir magistral kəməri seçilib. Magistral kəmərdən rayonun yaşayış məntəqələrinə çıxışlar verilib. Kəndlərdə müxtəlif diametrli polietilen borularla 39,5 km olan su xətləri çəkilib, ümumi istifadə üçün 113 ədəd bulaq quraşdırılıb. Ümumilikdə yeni su təchizatı layihələrindən Kürdəmir rayonunun 12 yaşayış məntəqəsinin 11400 nəfər sakin faydalanıb.

 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb.

 

Kəndlərdə 535 km su xətti çəkilib, 1394 bulaq quraşdırılıb. Bununla da  271 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.



© APA 2018