İqtisadiyyat xəbərləri

Prezident Torpaq Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

16:14 29-12-2017

Prezident Torpaq Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

Prezident İlham Əliyev “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

 

“APA-Economics” xəbər verir ki, dəyişikliyə əsasən Torpaq Məcəlləsinin 45-ci maddəsinə 4-cü hissə əlavə edilib.

 

Qanuna edilən əlavəyə görə, Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

 

Prezident İlham Əliyev “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi məqsədilə fərman imzalayıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Bundan başqa, Nazirlər Kabinetinə Torpaq Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq, müvafiq pozuntulara görə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılmaq üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etmək tapşırılıb.

 

Bundan başqa, Nazirlər Kabinetinin normativ hüquqi aktları “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

 

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

 

Fərmana əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Fərmana əsasən, Torpaq Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

 

3.1. 2.2-ci bəndə “45-ci maddəsinin 1-ci bəndində,” sözlərindən sonra “4-cü bəndinin birinci cümləsində (birinci halda),” sözləri əlavə edilsin;

 

3.2. aşağıdakı məzmunda 2.2-1-ci, 2.2-2-ci və 2.2-3-cü bəndlər əlavə edilsin:

 

“2.2-1. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (ikinci halda) “müvafiq icra hakimiyyəti orqanlarının işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçuları nəzərdə tutulur;

 

2.2-2. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər;

 

2.2-3. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçularına münasibətdə) həyata keçirirlər;

 

Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.  



© APA 2018