İqtisadiyyat xəbərləri

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir

13:12 16-04-2018

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir

Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə verilən məlumata görə, 7 km. uzunluğa malik Cəfərli avtomobil yolu  qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş  örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.

 

Layihəyə uyğun olaraq yolun qara qırmadaş  örtüyü sökülüb, əvəzinə yararlı qrunt yayılaraq kipləşdirilib və yeni yol yatağı inşa olunub. Texnoloji ardıcıllığa uyğun olaraq bunun ardınca zəruri materiallardan istifadə edilərək yolun əsasının alt və üst layı inşa olunub. Yol əsası hazır olan hissələrin asfaltlanması işlərinə də başlanılıb. Artıq Cəfərli yolunun yarısından çoxuna 2 laydan ibarət yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 50 min kvadratmetr sahədə aparılacaq.

 

Yağış sularının təsirindən yuyulmuş və istismara yararsız vəziyyətə düşmüş yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilib, avtoqreyderlə küvet hissələr açılıb. Bundan başqa yolun yatağının inşası zamanı başlıqları dağılmış 3 ədəd mövcud suötürücü boruların başlıqlarının monolit-betonla təmiri işləri aparılıb, zəruri olan yerdə daha 3 müxtəlif diametrli yeni dəmir-beton boru quraşdırılıb. Təbii ki, yol boyu yaşayan vətəndaşların öz pay torpaqlarında yetişdirdikləri məhsulları suvarmaq üçün yol altında salınan boruların əhəmiyyəti böyükdür.

 

Bundan başqa, layihə çərçivəsində yolun 1-ci km-də yerləşən və uzunluğu 8 m, eni 7 m olan, həmçinin yolun 2-ci km-də yerləşən uzunluğu 36 m, eni isə 5 m  olan 1 aşırımlı dəmir-beton körpülərin məhəccərləri istismara yaramadığı üçün yenisi ilə əvəz olunacaq, 44 ədəd yeni yol nişanı, 300 ədəd siqnal dirəkləri quraşdırılacaq və 21 km uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.

 

Görüləcək işlər bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz yeni və müasir yol infrastrukturunun yaradılmasına imkan verəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq. Ümumilikdə 5 minə yaxın vətəndaşın sosial rifah halına müsbət təsir  göstərəcək yolun yenidən qurulması AAY agentliyi rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq yaxın müddətdə yekunlaşdırılacaq.



© APA 2018