İqtisadiyyat xəbərləri

“Azər Türk Bank”: Likvidlik əmsalımız 133% səviyyəsindədir

17:47 29-12-2017

“Azər Türk Bank”: Likvidlik əmsalımız 133% səviyyəsindədir

“Azər Türk Bank” ASC bu gün bəzi xəbər saytlarında bankın maliyyə göstəriciləri ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.  

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu gün bəzi xəbər saytlarında bir neçə maliyyə-kredit qurumunun, o cümlədən dövlət bankı “Azər Türk Bank”ın aktivlərinin kəskin azalması ilə əlaqədar həqiqətə uyğun olmayan yazılar verilib.

 

“Azər Türk Bank bununla əlaqədar bildirir ki, bankın aktivlərinin həcmi yazıda göstərildiyi kimi 63 faiz deyil, bu ilin əvvəlindən etibarən 37 faiz azalıb. Bunun da obyektiv səbəbləri var. Belə ki, 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank Standart”ın sağlamlaşdırılması üçün yönəltdiyi yüksək məbləğdə vəsait Azər Türk Bank tərəfindən Mərkəzi Banka  qaytarılıb. Bundan əlavə, bəzi kreditləşmə əməliyyatlarının maliyyələşdirilməsi üçün cəlb edilmiş, lakin hazırkı bazar şərtlərinə uyğun olmayan, yüksək faizli depozitlərin müştərilərə ödənilməsi, sözsüz ki, aktivlərin bir qədər də azalmasını şərtləndirib”, - deyə məlumatda vurğulanıb.

 

Məlumatda bildirilib ki, Bankın kapital mövqeyi Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi səviyyədən yüksəkdir: “Qeyd edək ki, prudensial göstəricilər üzrə bu il Azər Türk Bank əsaslı artıma nail olub və hazırda bankın likvidlik əmsalı 133 faiz səviyyəsindədir. Xatırladaq ki, bu göstərici üzrə norma 30 faiz səviyyəsində müəyyən edilib”.

 

Məlumatda o da qeyd olunub ki, 2016-cı ili yüksək mənfəətlə başa vurmaqla Bank, səhmlər üzrə dividend ödənişini həyata keçirib, ümumi bazar risklərini nəzərə alaraq riskli aktivlər üzrə ehtiyatlar yaradılmasına nail olub.

 

Qeyd edək ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 



© APA 2018