İqtisadiyyat xəbərləri

Azərbaycan və İran arasında yeni kredit sazişinin imzalanması nəzərdə tutulur

17:14 13-03-2018

Azərbaycan və İran arasında yeni kredit sazişinin imzalanması nəzərdə tutulur

"Azərbaycan və İran arasında reallaşan ən uğurlu layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir".

 

“APA-nın Tehran bürosunun verdiyi xəbərə görə, bunu bu gün Tehranda Azərbaycan  ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

 

Nazirin sözlərinə görə, Azərbaycan tərəfi layihə çərçivəsində öz ərazisində bütün lazımı işləri görür: "Sərhədyanı çayın üzərində körpü də inşa edilib. Artıq Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir, bu dəhlizlə yüklər daşınır".

 

Ş.Mustafayev qeyd edib ki, yaxın günlərdə İran ərazisində yeni terminal kompleksinin birinci fazası, il ərzində isə terminal kompleksi tam istifadəyə veriləcək: "Fars körfəzinə kimi uzanan dəmir yolu xətti Rəşt-Astara hissəsinə aiddir. Azərbaycan İranla bu dəmir yolunun tikintisində əməkdaşlıq etmək niyyətindədir. İran prezidenti cənab Ruhaninin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-İran arasında kredit sazişinin imzalanması nəzərdə tutulur. Müqavilə üzrə 3 il ərzində bu yol inşa olunacaq. 3 ildən sonra artıq Fars körfəzindən dəmir yolu ilə həm şimal ölkələri, həm də qərb ölkələri ilə yüklərin daşınması asanlaşacaq”.



© APA 2018