İqtisadiyyat xəbərləri

Azərbaycanda yeni makroiqtisadi və maliyyə sabitliyi platforması formalaşdırılacaq

07:34 29-12-2017

Azərbaycanda yeni makroiqtisadi və maliyyə sabitliyi platforması formalaşdırılacaq

“2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

“APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında öz əksini tapıb.

 

Sənəddə qeyd olunub ki, bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım və gözləntilərin effektiv idarə olunması üçün baza şərti olacaq.

 

“Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji  və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək. Bu məqsədlə növbəti ildə və orta müddətli dövrdə yeni makroiqtisadi və maliyyə sabitliyi platformasının formalaşdırılmasını təmin edən radikal islahatlar həyata keçiriləcək”, -deyə bəyanatda vurğulanıb.    



© APA 2018