İqtisadiyyat xəbərləri

Bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılır

14:42 28-12-2017

Bankların öhdəliklərinin könüllü restrukturizasiyası üçün müəyyən olunmuş müddət uzadılır

"Banklar haqqında" qanuna dəyişiklik layihəsi hazırlanıb.


"APA-Economics" xəbər verir ki, qanunun 57-11.6-cı maddəsində üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözlərinin çıxarılması təklif olunur. Belə ki, hazırda qüvvədə olan maddəyə əsasən öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə 90 gün müddətinədək uzadıla bilər.

 

Bundan başqa, qanunun 57-11.6-cı maddəsinə “Hər bir müraciət üzrə uzadılma 180 gün müddətdən artıq ola bilməz” və “Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur” məzmununda dördüncü ə beşinci cümlələr əlavə edilir.

 

Başqa sözlə, öhdəliklərinin könüllü restrukturizasiyasına başlamaq üçün müəyyən olunmuş bu müddət öhdəlikləri restrukturizasiya olunan bankın maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırılmış müraciətinə əsasən məhkəmə tərəfindən ümumilikdə hazırda qüvvədə olan qaydaya görə 90 gün deyil, 180 gün müddətinədək uzadıla bilər.

 

Həmçinin, layihəyə əsasən bu qanunun I maddəsi bu Qanunun qüvvəyə mindiyi tarixdən başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur. 



© APA 2018