İqtisadiyyat xəbərləri

Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 2017-ci ildə 463 milyon dollar təşkil edib

20:24 13-03-2018

Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 2017-ci ildə 463 milyon dollar təşkil edib

"Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi davamlı şəkildə artıb. 2015-ci ildə bu rəqəm 50 milyon dollar idisə, 2017-ci ildə bu rəqəm 463 milyon dollar təşkil edib".

 

APA "Economics"-in xəbərinə görə, bunu Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən Hindistan-Azərbaycan Biznes Forumunda deyib.

 

Hindistan və Azərbaycan əlaqələrinin dərin tarixi kökə malik olduğunu deyən nazir müavini bildirib ki, hər iki ölkə ərazi bütövlüyü, suverenlik prinsiplərinə hörmət edir: " Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyə böyük imkanlar yaranıb. Bu gün keçirilən Biznes Forumu  hər iki tərəfin iş adamlarını daha fəal əməkdaşlığa həvəsləndirəcək və uğurlu nəticələrə gətirib çıxaracaq. İnanırıq ki, bu tədbir yeni əməkdaşlıq sahələrinin inkişafına zəmin yaradacaq".

 

İki ölkə arasında biznes əlaqələrinin genişləndirilməsinə ehtiyac olduğunu vurğulayan F.Əliyev deyib ki, iki ölkə arasında  turizmin inkişaf etdirilməsi əməkdaşlığın əsas sahələrindəndir: "Ticarət həcmi hər iki ölkənin potensialını əks etdirmir. Bu baxımdan Hindistanla ticarət, investisiya, sənaye, nəqliyyat, tikinti, əczaçılıq, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə  böyük önəm veririk".

 

 

 



© APA 2018