İqtisadiyyat xəbərləri

Qaçaqmalçılıq yolu ilə psixotrop maddə gətirən ər-arvad saxlanılıb

15:56 27-12-2017

Qaçaqmalçılıq yolu ilə psixotrop maddə gətirən ər-arvad saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə külli miqdarda psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə məlumat daxil olub.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı olan xanım sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrükçülər tərəfindən nəzarətə götürülüb.

 

Həmin şəxs gömrük nəzarətindən keçən zaman üzərində şəxsi yoxlama aparılması üçün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı onun əynindəki üst və alt paltarlarında qanunla qadağan edilən əşyalar aşkar edilməsə də qadının özünü narahat hiss etməsi və şübhəli aparması gömrükçülərin diqqətindən yayınmayıb. Bu zaman ona bədən üzvlərinin yoxlanılması məqsədilə Gömrük Məcəlləsinin 64.4 maddəsinə əsasən tibb işçisinin dəvət olunacağı bildirilib. Həmin şəxs tibb işçisinin dəvət olunmasına ehtiyac olmadığını bildirərək, cinsiyyət orqanında gizlətdiyi və qoruyucu rezinin içərisinə qablaşdırılan 427 ədəd çəhrayı rəngli həbləri çıxarıb və gömrükçülərə təhvil verib.

 

İlkin araşdırma zamanı həmin şəxs həblərin "ekstazi" adlandırıldığını, həmin həbləri həyat yoldaşının təlqini və istəyi ilə sonuncunun tanışlarından pul müqabilində aldığını, ölkə ərazisində dövriyyəsinin qadağan olduğunu bildiyindən daxili orqanında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışdığını etiraf edib.

 

Qadının etirafları əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində onu qarşılamağa gələn həyat yoldaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində gömrükçülər tərəfindən saxlanılıb.

 

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilən həblər fiziki-kimyəvi və bioloji ekspertizadan keçirilib və onların MDMA (ekstazi) olduğu müəyyən edilib. Ekspert arayışına əsasən 1 ədəd həbdə təsiredici maddəsinin miqdarı 30 mq, ümumi 427 ədəddə 12,81 qram təşkil edir. Qeyd edək ki, MDMA "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in I Siyahısına daxildir.

 

"Aşkar olunan fakt üzrə həm təəssüfləndirici, həm də ibrətamiz məqamlar var. Təəssüfləndirici hal ondan ibarətdir ki, kimlərsə asan yolla qazanc əldə etmək üçün insan sağlamlığına ciddi ziyan vuran psixotrop maddələrin realizə edilməsi ilə məşğuldur və üstəlik ölkə ərazisinə gətirilən bu maddələr onların övladlarına, ailə üzvlərinə, yaxınlarına da satıla bilər. Bu hərəkətin cəmiyyətin özəyini təşkil edən ailə, ər-arvad tərəfindən razılaşdırılaraq törədilməsi və ərin həyat yoldaşının gələcək həyatı ilə yanaşı, sağlamlığını belə risk altında qoyması isə qəbuledilməzdir. Gömrük nəzarətindən yayınmaq üçün belə çirkin üsullardan istifadə edən şəxslər şübhəsiz ki, ilk növbədə, öz şərəf və ləyaqətini alçaldır, eləcə də mənəvi-əxlaqi dəyərlərə hörmətsizlik nümayiş etdirirlər. İbrətamiz məqama gəlincə isə bir müddət əvvəl ölkə ərazisinə gələn bəzi şəxslərin gömrük yoxlamasından keçirilməsi zamanı bir sıra kütləvi informasiya vasitələrinin törətdiyi yersiz səs-küy yəqin ki, bir çoxlarının xatirindədir. Əsaslı gömrük yoxlamasına etiraz edən bəzi kütləvi informasiya vasitələri ölkə ərazisinə gələn şəxslərin bir və daha artıq ölkənin gömrük və sərhəd buraxılış məntəqələrində yoxlamadan keçdiklərini irəli sürərək təkrar gömrük nəzarətinə ehtiyac olmadığını iddia edir, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürən məlumatlar yayırdılar. Aşkar edilən fakt isə bu qəbildən olan iddiaların əsassız olduğunu bir daha sübut edir. Xatırladaq ki, ölkə ərazisinə gələn şəxslərin, mal və nəqliyyat vasitələrinin üzərində gömrük nəzarətini həyata keçirmək qanunlarla gömrük orqanlarına verilən müstəsna hüquqdur və ölkəmizin gömrük orqanlarının bu müstəsna hüquqdan vicdanla və peşəkarcasına istifadə edəcəyinə hər kəs əmin ola bilər",- deyə qurumun açıqlamasında vurğulanıb.



© APA 2018