İqtisadiyyat xəbərləri

İranlı nazir: "Azərbaycan və İran güzəştli ticarət rejimini nəzərdə tutan sazişin imzalanması ilə bağlı müzakirələr aparır"

17:10 13-03-2018

İranlı nazir:

"Şimal-Cənub nəqliyyat dəhlizi sayəsində hər Azərbaycan və İranın Astara şəhərləri bir-birinə birləşib".

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian deyib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında dəmir yolları ilə gündəlik bir neçə yük qatarı məhsulları qarşılıqlı daşıyır: "Bununla biz Şimali Qafqaz və Orta Asiyaya çıxış tapmışıq. Dəhlizin təkmilləşdirilməsi işləri davam etdirilir. Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolları yaxın gələcəkdə tamamlanacaq və istifadəyə veriləcək".

 

O bildirib ki, Fars körfəzindən İran vasitəsi ilə Moskvaya yüklərin daşınması dəniz vasitəsi ilə Hindistan və Cənub Şərqi Asiyaya yüklərin daşınması ilə müqayisədə vaxt və xərc baxımından daha əlverişlidir: "Bu, dəyərli bir imkandır. İran yük daşımalarını Xəzər dənizinin şərqində İncə Burun dəmir yolu ilə yanaşı, həm də Xəzərin qərbində bu dəhliz vasitəsi ilə həyata keçirəcək".

 

M.Kərbasian əlavə edib ki, iclas çərçivəsində bank sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb: "Ümid edirik ki, müzakirələr müsbət nəticələrə səbəb olacaq. Ona görə ki, bank sahəsindəki əməkdaşlıq digər sahələrdəki əməkdaşlıqlara da şərait yaradır". 

 

M.Kərbasian qeyd edib ki, Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunda işlər tamamlanıb: "Ümid edirik prezident Həsən Ruhaninin Azərbaycana səfəri çərçivəsində zavodun açılışı olacaq".

 

O vurğulayıb ki, Azərbaycan və İran arasında güzəştli ticarət rejimini nəzərdə tutan sazişin imzalanması ilə bağlı da müzakirələr davam etdirilir: "Səhiyyə, dərman preparatlarının istehsalı,  kənd təsərrüfatı sənayesinin istehsalı sahəsində də əməkdaşlıqla bağlı müzakirələr davam etdirilir".



© APA 2018