İqtisadiyyat xəbərləri

İran rəsmisi: "Azərbaycan Xəzəryanı ölkələr arasında liman infrastrukturuna görə ən yaxşı şəraiti olan ölkədir"

16:18 12-07-2018

İran rəsmisi:

"Azərbaycan Xəzəryanı ölkələr arasında liman infrastrukturuna görə ən yaxşı şəraiti olan ölkədir. İrandan Gürcüstana məhsulların ixracı üçün Azərbaycan tranzit olaraq ən önəmli rolu oynayır".

 

Bunu İran dənizçilik və limanlar təşkilatının baş direktoru, yol və şəhərsalma nazirinin müavini  Məhəmməd  Rastad  Sari şəhərində keçirilən  "Xəzər dənizi yolu ilə ixracatın artırılması" adlı konfrans çərçivəsində APA-nın Tehran bürosunun müxbirinə açıqlamasında deyib.

 

O deyib ki, Xəzərdə İranın qərb limanları Azərbaycan limanları ilə çox yaxşı münasibətlər quraraq əməkdaşlıq edir.

 

M.Rastad qeyd edib ki, bu gün iki ölkə arasında dəniz ticarətinin inkişafı üçün çox yaxşı potensial mövcuddur. "Bakıda liman rəhbərlərinin iclasında iştirak etmək üçün Azərbaycana etdiyim səfərdə Bakı liman rəhbəri ilə çox yaxşı müzakirələrimiz oldu. Hər iki ölkə mövcud potensialdan daha geniş istifadədə maraqlıdır. Ümid edirəm iki ölkənin limanları arasında əməkdaşlığın artması ilə Xəzərdə gəmiçilik sahəsində keyfiyyət və kəmiyyət baxımından daha yaxşı və geniş işlər görüləcək".

 

O bildirib ki, İran limanlarından Gürcüstana ixracat üçün tranzit yollardan ən üstün və  rəqabət aparacaq yol Azərbaycan limanlarıdır: "Bu hər iki ölkə üçün əlverişlidir. Biz Gürcüstana Azərbaycan vasitəsilə tranzit sahəsində əməkdaşlığın artacağını ümid edirik".

 

Qeyd edək ki, "Xəzər dənizi yolu ilə ixracat" adlı beynəlxalq  konfrans İranın Əmirabad limanında Xəzəryanı ölkələrin iştirakı ilə keçirilir. Konfransın keçirilməsində məqsəd  Xəzəryanı ölkələr arasında dəniz vasitəsilə ixracat və həcminin ixracın artırılması yollarının müzakirəsidir.



© APA 2018