İqtisadiyyat xəbərləri

Sənayenin qeyri-neft sektorunda istehsal 13 faiz artıb, neft sektorunda 1 faiz azalıb

18:09 17-02-2017

Sənayenin qeyri-neft sektorunda istehsal 13 faiz artıb, neft sektorunda 1 faiz azalıb

2017-ci ilin yanvar ayında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 1 faiz artaraq 3,5 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb, neft sektorunda isə 1 faiz azalıb.

 

Sənaye məhsulunun 72,3 faizi mədənçıxarma, 22,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
 

Sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faiz olub. Ümumi istehsalın 88,8 faizi sənaye məhsulunun istehsalı, 11,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
 

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında fevralın 1-nə 565 milyon manatlıq hazır məhsul olub.

 

Ehtiyatların 70,4 faizi Bakı, 6,3 faizi Sumqayıt, 3,1 faizi Gəncə, 2,5 faizi Şirvan, 0,1 faizi Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 28,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

 

 

 



© APA 2017