İqtisadiyyat xəbərləri

SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını 36-ya çatdırıb

17:19 19-05-2017

SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin sayını 36-ya çatdırıb

SOCAR Rumıniyada investisya layihələrini uğurla davam etdirərək, bu ölkədə yanacaqdoldurma məntəqəsi şəbəkəsini genişləndirir.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Buxarestin mərkəzində “SOCAR” brendi ilə sayca 2-ci yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir.

 

Məntəqədə quraşdırılmış 2 sayğac 4 avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan verir. YDM-də elektromobillərin elektrik enerjisi ilə təchizatı üçün də şərait yaradılıb. Müştərilərə maşınyuma xidməti də təklif olunur. “Roviniete” (yol vergisi) də daxil olmaqla bir sıra ödənişlərin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılmış, 24 saat pulsuz internet xidməti təmin olunub.

 

Qeyd edək ki, yeni istifadəyə verilən yanacaqdoldurma məntəqəsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 36-ya çatıb. SOCAR Rumıniyanın artıq 17 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş və Buxarestdə yanacaqdoldurma məntəqələrinə malikdir.



© APA 2017