Mədəniyyət xəbərləri

Azərbaycan və Kolumbiya şeir antologiyasının təqdimatı olub

16:30 14-06-2017

Azərbaycan və Kolumbiya şeir antologiyasının təqdimatı olub

Kolumbiyanın Azərbaycandakı səfirliyinin və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin birgə ərsəyə gətirdiyi Azərbaycan və Kolumbiya şeir antologiyasının təqdimatı olub.

 

APA-nın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatların və ölkənin tanınmış ziyalılarının iştirakı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə Mərkəzin direktoru Afaq Məsud Kolumbiya səfirliyi ilə birgə reallaşan layihələrdən söz açaraq, xalqlararası dostluq və anlaşmanın ən qısa və faydalı yolunun ədəbiyyatdan keçdiyini bildirib, Mərkəzin bu istiqamətdə gerçəkləşdirdiyi layihələr barədə məlumat verib.

 

Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo isə Tərcümə Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Azərbaycanla Kolumbiya ədəbiyyatlararası mübadilələrin bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

 

Tədbirdə iştirak edən tanınmış elm və sənət adamları ədəbiyyatın insanlığa, bəşəriyyətə təsirindən söz açıblar, bədii düşüncənin xalqları biri-birinə yaxınlaşdırılmasının əhəmiyyətindən danışıblar.

 

Sonda Kolumbiyadan təşrif buyurmuş şair, kitabın redaktoru Katalina Qonsales Restrepo antologiyada yer alan müəlliflərin mətn özəlliklərinin təhlili üzrə məruzə edib, şairlərin şeirlərindən parçalar səsləndirib.



© APA 2017