Mədəniyyət xəbərləri

Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olunub

12:26 08-06-2018

Bakıda Ukrayna yazıçılarının əsərləri təqdim olunub

M.F.Axundov adına Milli Kitabxanada tanınmış Ukrayna yazıçıları Vladimir Danilenkonun “Qürub çağının işığında” və Nikolay Xomiçin “Sərdabənin sirri” kitablarının təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, Azərbaycan Tərcümə Mərkəzinin İdarə heyətinin sədri, yazıçı Afaq Məsud tarix boyu Ukrayna-Azərbaycan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən, son illər Mərkəzin Ukrayna-Azərbaycan ədəbi əlaqələri üzrə həyata keçirdiyi layihələrdən, Ukrayna ədəbiyyatını Azərbaycana, Azərbaycan ədəbiyyatını Ukraynaya tanıdan antoloji nəşrlərdən söz açaraq, bu işin bundan sonra da, daha geniş və əhatəli şəkildə davam etdiriləcəyini bildirib.

 

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkoy xalqlar arasında anlaşmanın və doğmalığın təməlini qoyan belə layihələrin ictimai-siyasi əhəmiyyətindən danışaraq, bu şərəfli missiyanı davamlı və layiqli şəkildə həyata keçirdiyinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.

 

Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun direktoru Oqtay Səmədov, Mərkəzin aparat rəhbəri Yaşar Əliyev, Elm, təhsil və mədəniyyət idarəsinin müdiri, yazıçı Etimad Başkeçid kitabların ədəbi-bədii məziyyətləri barədə danışaraq, hər iki nəşrin Ukraynanın tarixi, müasir həyatı, ədəbi-bədii düşüncəsi barədə Azərbaycan oxucusunda dolğun təsəvvür yaradacağını, kitaba, ədəbiyyata diqqət və marağın artmasına öz töhfəsini verəcəyini bildiriblər.

 

Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və tanınmış nasir Nikolay Xomiç son iki ildə Ukrayna Yazıçılar Birliyinin Azərbaycan Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilmiş nəşr layihələrindən danışaraq, ilk dəfə olduqları Bakının gözəlliyindən heyrətə gəldiklərini, qədim şairlərin heykəlləri ilə dolu olan bu şəhərin, burada baş tutan kitab bayramları ilə  böyük ədəbiyyat ocağına, bədii düşüncə və kitab mərkəzinə çevrildiyini diqqətə çatdırıblar.

 

Tədbirin sonunda Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko Ukraynanın milli ornamentli suvenirini Mərkəzin rəhbəri Afaq Məsuda təqdim edib.

 

 

 

 



© APA 2018