Mədəniyyət xəbərləri

Çingiz Aytmatov dəfn edilib

14:36 14-06-2008

Çingiz Aytmatov dəfn edilib

Bakı. Laçın Sultanova - APA. Bu gün müasir dünya ədəbiyyatının klassiki, böyük qırğız yazıçısı Çingiz Aytmatov son mənzilə yola salınıb. APA-nın Qırğızıstan saytlarına istinadən verdiyi məlumata görə, Bişkekdəki Milli Filarmoniyada yazıçı ilə vida mərasimi keçirilib.
Mərasimdə minlərlə adam iştirak edib, hətta izdiham yarandığı üçün Filarmoniyaya giriş 15 dəqiqə dayandırılıb. Mərasimdə çıxış edən Qırğızıstan prezidenti Kurmanbek Bakiyev Çingiz Aytmatovu bütün bəşəriyyətin vətəndaşı adlandırıb: “O, öz əsərlərində bəşəriyyətin xoşbəxtliyini, çətinliklərini, dərdlərini və ümidlərini ifadə edib. Bu itki dünya mədəniyyətinə və müasir ədəbiyyata ağır zərbədir”. Mərasimdən sonra cənazə Alatoo meydanına aparılıb. Orada mərhumun ailə üzvləri, qohumları, dövlət məmurları və xarici ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib, dövlət bayrağı endirilib, himn səslənib. Sonra cənazə yazıçının atasının də dəfn olunduğu “Ata-Beyit” tarix-memarlıq kompleksinə aparılıb və orada dəfn olunub.
Qeyd edək ki, dəfn mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edib.


© APA 2018