Mədəniyyət xəbərləri

Dilqəm Əhmədin imza günü keçirilib

17:09 03-03-2018

Dilqəm Əhmədin imza günü keçirilib

"Azərkitab - Kitab Təbliğatı Mərkəzi"ndə tədqiqatçı - publisist Dilqəm Əhmədin 4 il ərzində Türkiyədə Azərbaycan Cümhuriyyəti dövrünə aid topladığı materiallar əsasında “Teas Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Fərqlilər” (2015) və “Mühacirlərin dönüşü” (2017) kitablarının imza günü keçirilib.

 

APA-nın xəbərinə görə, "Azərkitab - Kitab Təbliğatı Mərkəzi"nin layihə rəhbəri Mirisrafil Sabir Həsənov  D. Əhmədin Azərbaycan Cümhuriyyəti dövrünün tədqiqatçılarından biri olduğunu söyləyib.

 

O bildirib ki, D. Əhməd tədqiq etdiyi mövzulara çox həssaslıqla yanaşıb, ciddi araşdırmalar aparıb: "Hər iki kitab çox məsuliyyətlə yazılıb. Dilqəm Əhmədin ən böyük uğuru faktlara sadiq qalmasıdır".

 

Müəllif isə bildirib ki, “Fərqlilər” kitabında mühacirlərlə yanaşı, Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin həyatı haqqında unikal materiallar yer alıb: "Əsərdə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir fotoları  və məktubu, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əmin Abid Gültəkin, Üzeyir Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Nuru paşa, Salman Mümtaz və digər görkəmli şəxsiyyətlərin həyatı haqqında maraqlı məlumatlar var".

 

D. Əhməd qeyd edib ki, “Mühacirlərin dönüşü” adlı ikinci kitabında isə Azərbaycan Cümhuriyyəti  və mühacirəti tarixinə aid 50-yə yaxın yeni material öz əksini tapıb: "Kitabda Məhəmməd Əmin Rəsulzadənin 4 yeni fotosu, 3 məktubu, imzalı kitabları, vizitkaları, portretinin təsviri yer alıb. Kitabda bir çox yazarların və şairlərin həyatına dair fotoları və məlumatlar ilk dəfə olaraq yayımlanıb. Qeyd etməliyəm ki, hər iki kitabda yayımlanan materiallar şəxsi arxivimdəndir. Kitablar "Teas Press" Nəşriyyat Evi tərəfindən çap olunub. Bu isə kitabların daha geniş kütləyə çatmasına səbəb olub. Bu il Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunur. Kitablar Azərbaycan Cümhuriyyətinin 100 illiyə töhfədir".

 

Qeyd edək ki, hər iki kitab 2016-2017-ci ilin ən çox satılan kitablar siyahısında yer alıb.



© APA 2018