Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib

14:16 17-06-2008

Əbülfəs Qarayev Səudiyyə Ərəbistanının mədəniyyət nazirini qəbul edib

Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl- Mədəni, mədəniyyət və informasiya nazirinin müavini Abubəkir Bahadur və nazirin köməkçisi Abdulla Həmidi ilə görüşüb. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Əbülfəs Qarayev iki ölkə arasında hərtərəfli əlaqələrin, xüsusən də mədəniyyət sahəsinin inkişaf etdirilməsindən məmnunluq duyduğunu bildirib: “Bu gün Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət Günlərinin təntənəli açılış mərasimi olacaq. Əminəm ki, Səudiyyə Ərəbistan Mədəniyyət Günləri maraqla qarşılanacaq. 100 nəfərdən ibarət mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduğu nümayəndə heyətinin ölkəmizə səfərini alqışlayır və işinizdə uğurlar arzulayıram. İki ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsi vacibdir”. Görüşdə çıxış edən Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri İyad Bin Əmin Əl-Mədəni Azərbaycana ikinci dəfə səfər etdiyini bildirib. Nazir eləcə də, Bakıda aparılan yenidənqurma və mədəniyyət ocaqlarında aparılan abadlıq işlərini yüksək qiymətləndirdiyini vurğulayıb: “İki ölkə arasında əlaqələr xüsusi tellərlə bağlıdır və tarixi köklərə əsaslanır. Biz istərdik ki, mədəniyyət günləri ikitərəfli əlaqələr üçün başlanğıc olsun. Hər bir əlaqələr mədəniyyət üzərində qurulur”. İyad Bin Əmin Əl-Mədəni müxtəlif səpkili mədəniyyət tədbirlərinin həyata keçiriləcəyini deyib. İyunun 20-nə kimi davam edəcək mədəniyyət günləri çərçivəsində sərgilər, konsert proqramları, teatr ustalarının çıxışı, film nümayişi nəzərdə tutulub. Mədəniyyət günləri çərçivəsində Sumqayıt şəhərlərində də bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.


© APA 2018