Mədəniyyət xəbərləri

Gürcü tədqiqatçı Karibinin “Erməni iddialarına cavab: Gürcü dövlətinin qırmızı kitabı” əsəri türk dilinə tərcümə edilib

10:31 23-04-2007

Gürcü tədqiqatçı Karibinin “Erməni iddialarına cavab: Gürcü dövlətinin qırmızı kitabı” əsəri türk dilinə tərcümə edilib
Ötən əsrin əvvəllərində Gürcüstan Milli Hökumətində təmsil olunmuş gürcü tədqiqatçı Karibinin “Erməni iddialarına cavab: Gürcü dövlətinin qırmızı kitabı” adlı əsəri türk dilinə tərcümə edilib. Kitabın tərcüməçisi, Bilgi Universitetinin müəllimi, soydaşımız Arif Acaloğlu APA-nın Türkiyə bürosuna verdiyi açıqlamada I dünya müharibəsi zamanı erməni daşnakı Çalxuşyanın türklərin ünvanına böhtanlarla dolu bir kitab yazdığını bildirib: “Gürcü Milli Hökumətində səlahiyyətli şəxs olmuş Karibinin əsəri isə daşnak Çalxuşyanın kitabına verilmiş layiqli cavabdır. Müəllif əsərində qeyd edir ki, ermənilərin tək qalmasının və məğlub olmalarının səbəbi gürcülərin xəyanəti, türklərin sərt münasibəti deyil, onların özlərinin yürütdüyü ikibaşlı siyasətdir. Karibin hesab edir ki, türk ordusuna qarşı müqavimətin zəifləməsinə səbəb gürcülər deyil, qatil Andranikin qorxaqlığı və satqınlığıdır. Kitabda Andranikin ordudan istefası qəbul edilməzdən öncə Sarıqamış cəbhəsindən qaçmasına dair Tiflisə vurduğu teleqram da öz əksini tapıb”. Arif Acaloğlu tərcümə etdiyi əsərdə ermənilərin Borçalı və Azərbaycanın bəzi digər bölgələrində yürütdüyü mənfur siyasətə dair faktların da əks olunduğunu bildirib. “Erməni iddialarına cavab: Gürcü dövlətinin qırmızı kitabı” adlı əsər Arif Acaloğlunun rus arxivlərindən taparaq tərcümə etdiyi və erməni iddialarının puça çıxaran səkkizinci kitabıdır. Bu kitablar həmçinin ingilis, alman və fransız dillərinə də tərcümə edilir. Arif Acaloğlu Türkiyənin yeganə rəsmi diaspora qurumu olan Tələt Paşa Hərəkatının Məşvərət Şurasının üzvüdür. /APA/


© APA 2018