Mədəniyyət xəbərləri

“Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfrans keçirilib

13:55 26-10-2007

“Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfrans keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və Hüseyn Cavidin ev muzeyinin əməkdaşları “Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfrans keçirilib. APA-nın məlumatına görə, konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Hüseyn Cavidin həyat və yaradıcılığı barədə konfrans iştirakçılarına məruzə edib: “Cavid Azərbaycanın ən istedadlı sənətkarlarından biri idi. Məhz istedadlı, savadlı, xalqının qədrini bilən olduğuna görə sovet hökumətinin “diqqət mərkəzi”ndə oldu. Cavidi fiziki cəhətdən məhv etsələr də, mənəvi cəhətdən bizimlə qaldı”.
AMEA-nın müxbir üzvü Rafael Hüseynov Hüseyn Cavidin məzarının Azərbaycana gətirilməsi tarixindən söhbət açıb: “1981-ci ildə Heydər Əliyevin diqqəti sayəsində Cavidin məzarı uzaq Sibirdən Azərbaycana gətirildi. Daha sonra 1996-cı ilin oktyabrında Naxçıvanda möhtəşəm türbə hazırlandı. Orada hazırda Hüseyn Cavid, həyat yoldaşı Müşkünaz xanım, oğlu Ərtoğrul və qızı Turan Cavidin məzarları yerləşir”.
Bundan başqa, tədbirdə akademik İsa Həbibbəyli, Teymur Kərimli, Yusif Gədikli, Ənvər Uzun, Yavuz Axudlu, Rəhim Cavuş Əkbəri və başqaları çıxış edib. Tədbirin sonunda Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən Azərbaycana gətirilməsini və şairin ata yurdunda dəfn olunmasını əks etdirən kadrlar nümayiş olunub. /APA/


© APA 2017