Mədəniyyət xəbərləri

Misirdə nəşr olunan “Müasir Azərbaycan hekayəsi” kitabı təqdim edilib

17:50 02-11-2017

Misirdə nəşr olunan “Müasir Azərbaycan hekayəsi” kitabı təqdim edilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin müştərək layihəsi əsasında hazırlanan “Müasir Azərbaycan hekayəsi antologiyası” kitabının təqdimat mərasimi keçirilib.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, tədbirdə ölkənin tanınmış ziyalıları, Azərbaycanda fəaliyyət göstərən səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Tərcümə Mərkəzin direktoru Afaq Məsud çıxış edərək Mərkəzin beynəlxalq müstəvidə həyata keçirdiyi layihələrdən, ərəb dilində Misirdə hazırlanmış toplunun Qahirə universitetlərinə və Misir kitabxanasına yerləşdirilməsindən, eləcə də kitabın gələn il  digər ərəbdilli ölkələrdə də nəşrinin həyata keçiriləcəyindən danışıb.

 

Daha sonra Fələstin dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim, Mərakeş Krallığının səfiri Məhəmməd Adil Embarş çıxış edərək bu kitabın Azərbaycan ədəbiyyatını ərəb dünyasına tanıdacaq unikal nəşr olduğunu, Misir - Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin genişlənməsində mühüm rol oynayacağını bildiriblər. Kitabın tərcüməsinin və tərtibatının yüksək keyfiyyətini xüsusi vurğulayan Nasir Əbdül Kərim bu kimi təşəbbüslərin ölkələrarası diplomatik əlaqələrə müsbət təsir göstərdiyini xüsusi qeyd edib. Səfir Məhəmməd Adil Embarş isə bildirib ki, ərəb dilinə tərcümə olunan bu kitab 380 milyon ərəb oxucusunun, eləcə də dünya şərqşünaslarının Azərbaycan ədəbiyyatını daha da yaxından tanıması üçün əvəzsiz mənbədir. Səfir bu təşəbbüsə görə Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda, həmçinin mükəmməl tərcüməyə görə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydiyə dərin təşəkkürünü bildirib. O, kitabın Tərcümə Mərkəzi və Mərakeş səfirliyinin birgə təşkilatçılığı ilə yaxın gələcəkdə Mərakeşdə də oxuculara təqdim olunacağını bildirib.

 

Daha sonra filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor Nəsrullah Məmmədov, filologiya elmləri doktoru Paşa Kərimov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxış edərək kitabın ədəbi-bədii və beynəlxalq əhəmiyyətindən danışıblar.

 

Qeyd edək ki, Azərbaycan ədəbiyyatının ümumi mənzərəsini ərəb dünyasına ilk dəfə təqdim edən kitaba 19 Azərbaycan yazıçısının hekayəsi daxil edilib. Kitabın tərcüməçisi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi, doktor Əhməd Sami Elaydidir.



© APA 2018