Mədəniyyət xəbərləri

Ramiz Duyğunun 80 illik yubileyi münasibətilə tədbir keçirilib

16:11 28-02-2018

Ramiz Duyğunun 80 illik yubileyi münasibətilə tədbir keçirilib

Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Ramiz Duyğunun 80 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən xalq şairi Fikrət Qoca Ramiz Duyğunun yaradıcılığından danışıb, onun hərbçi kimi nümunəvi fəaliyyəti haqqında məlumat verib. Fikrət Qoca qeyd edib ki, Ramiz Duyğun vətənpərvər və istedadlı şair kimi nümunə olmağı bacaran insanlardandır: “Çox şadam ki, biz bu gün Ramiz Duyğunun 80 illik yubileyini qeyd edirik. 80 yaş qocalığın cavanlığıdır. Biz Ramiz Duyğunla uzun illərdir, dostluq, yoldaşıq. Mən onu hər zaman qəlbi Vətən üçün, ədəbiyyat üçün döyünən insan kimi tanımışam. Çünki ruhu sağlam olan şəxsiyyətdir”.

 

Professor Vaqif Yusifli Ramiz Duyğunun müxtəlif illərdə çap etdirdiyi poema və şeirlərinin bədii məziyyətinə toxunub. Tənqidçi deyib ki, şairin yaradıcılığı çoxsəsli, müxtəlif mövzuludur: "Baxmayaraq ki, vətənpərvərlik Ramiz Duyğunun yaradıcılığında əsas yeri tutur, amma onun poeziyasını təkcə səngərlə əlaqələndirmək doğru olmazdı. Ramiz müəllim zəhmətkeş ailədə anadan olub. Ona görə də həyatda hər şeyə öz zəhməti, istedadı ilə nail olub. Ramiz Duyğun təkcə istedadlı şair yox, həm də yaxşı dostdur. Onun Xəlil Rza ilə böyük dostluğu hər kəsə bəllidir. Əlbəttə, bu iki insanı bir-birinə bağlayan vətən sevgisi olub. Ramizin çoxlu sayda şeir və poemaları vətənpərvərliyə həsr olunub. O, polkovnik rütbəsində Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib, o cümlədən, vaxtilə dövlət televiziyasının efirində “Hünər” verilişini aparıb. Mən inanıram ki, gələcək də biz Ramiz Duyğunun yaradıcılığı haqqında bir-birindən maraqlı təhlil yazılarını oxuya biləcəyik”.

 

Akademik Sudeyf İmamverdiyev, şair Paşa Qəlbinur və başqaları R. Duyğunun keçdiyi həyat yoluna nəzər salıb, onun yaradıcılığını müxtəlif istiqamətlərdə təhlil ediblər.

 

Qeyd edək ki, Ramiz Duyğun 1938-ci il fevralın 10-da Əli Bayramlıda anadan olub. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Hazırda ehtiyatda olan tibb xidməti polkovnikidir. Bədii tərcümə ilə də məşğul olur.

 

“Vətən kimi şirin”, “Vətən beşiyim mənim”, “Mənim unudulmaz məktəbim”, “Göy üzü damar-damar” və s. kitabların müəllifidir.

 



© APA 2018