Mədəniyyət xəbərləri

Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib

15:49 26-12-2017

Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyində Yunus Oğuzun “Atabəy Eldəniz” romanının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, yazıçılar, ictimaiyyət nümayəndələri iştirak edib.
 
Yazıçılar Birliyinin katibi Rəşad Məcid Y. Oğuzun yaradıcılığı haqqında danışıb, onun tarixi romanlarının tariximizin öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib. Millət vəkili Nizami Cəfərov  qeyd edib ki, roman tarixi faktları təhrif etmədən Atabəylər dövrü haqqında dolğun təəssürat yaradır: “Yunus Oğuzun yeni romanı ilk növbədə Atabəyin romanıdır. Amma burada Bərdə də, Gəncə də, Naxçıvan da var. Keçmişimiz də var, gələcəyimiz də. Yunus Oğuz həm tarixi, həm tarixin fəlsəfəsini, həm də dili yaxşı bilir. O, romanlarını hər kəsin aydın başa düşəcəyi üslubda təqdim edir. Yunus Oğuzun romanlarında bir xronologiya var, Azərbaycan tarixini demək olar, bütövlükdə əhatə edir”.
 
Xalq şairi Sabir Rüstəmxanlı deyib ki, roman Yunus Oğuzun öz baxışları, araşdırmaları nəticəsində ərsəyə gələn ədəbiyyat nümunəsidir.
 
Milli Məclisin deputatları Qənirə Paşayeva və Aqil Abbas romanın xaricdə təbliğinin vacibliyinə diqqət çəkiblər.

Sonda çıxış edən müəllif  tədbir iştirakçılarına təşəkkürünün bildirib. Onun sözlərinə görə, “Atabəy Eldəniz” tarixi romanı 2017-ci ildə yazdığı ikinci romanıdır. Roman Azərbaycan tarixinin çox qaranlıq və keşməkeşli bir dövrünü əhatə edir. Yazıçı əlavə edib ki, əsər 1136-cı ildən 1225-ci ilə qədər dövrü əhatə edən Azərbaycan Atabəylər dövlətinin yaradılması və onun fəaliyyəti haqqındadır.



© APA 2018