Mədəniyyət xəbərləri

34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib

16:33 22-12-2017

34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib

Xətai rayonunda yerləşən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, nazirliyin əməkdaşları iştirak ediblər. 

 

Baş İdarənin rəisi Vuqar Zeynalov qısa vaxt ərzində görülən işlər barəsində məlumat verib və musiqi məktəbi şagirdlərini yenidən qəbul etməyə tam hazır olduğunu bildirib.

 

Açılışda çıxış edən nazir Əbülfəs Qarayev musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib.

 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov musiqi məktəbində yaradılan şəraitin rayon ictimaiyyəti üçün əlamətdar hadisə olduğunu bildirib.

 

Tədbirdə qeyd olunub ki, 1985–ci ildən fəaliyyətə başlayan məktəb 7 otaqdan, 1987–ci ildən isə 16 sinif otağı, zal, qəbul otağı, direktor otağından ibarət olub. 2017-ci ildə məktəb binasında aparılan əsaslı təmir işlərindən sonra binada istilik sistemi çəkilib, akt zalı, otaqlar genişləndirilib, yeni otaqlar və zəruri musiqi ədəbiyyatı ilə təchiz olunmuş kitabxana yaradılıb. Məktəbin bütün avadanlığı və inventarı təzələnib.

 

Məktəbdə 16 ixtisas üzrə 300-ə yaxın şagird təhsil alır, 4 şöbə fəaliyyət göstərir və 77 müəllim çalışır. 

 

Sonda musiqi məktəbi şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.



© APA 2018