Mədəniyyət xəbərləri

Azərbaycan 30-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında təmsil olunur

18:00 06-09-2017

Azərbaycan 30-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında təmsil olunur

Rusiya paytaxtında 30-cu Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası başlayıb.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçirilən və kitab sahəsində dünyanın ən nüfuzlu sərgilərindən sayılan tədbirdə Azərbaycan öz stendi ilə təmsil olunur.

 

Azərbaycanın stendini Mədəniyyət və Turizm Nazirliyi təşkil edib. Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli Azərbaycanın hər il Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkasında iştirak etdiyini söyləyib: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi təkcə Moskvada deyil, dünyanın bir sıra ölkələrində keçirilən kitab sərgilərinin mütəmadi iştirakçısıdır. Moskva Kitab Sərgisi Yarmarkası dünyada sayıb-seçilən sərgilərdən biridir. Bu ilki tədbir yubiley tədbiridir. Sayca Moskvada keçirilən 30-cu kitab sərgisidir. Bu sərgidə nazirliyimizin nümayəndələri ilə yanaşı, Respublika Gənclər Kitabxanasının, Azərkitab Kitab təminatı Mərkəzinin nümayəndələri və kitab müəllifləri iştirak edirlər”.

 

E. Əli rusiyalı oxucuya bu gün Azərbaycanın dövlətçiliyi, tarixi, mədəniyyəti, turizm potensialı və ən əsası Dağlıq Qarabağ münaqişəsi haqqında tarixi həqiqətləri əks etdirən 150 addan çox kitabın təqdim olunduğunu söyləyib: “Qarabağ həqiqətləri və erməni işğalı ilə bağlı nümayiş etdirdiyimiz kitabların sayı kifayət qədərdir. Azərbaycan tarixi və mədəniyyəti haqqında rusiyalı oxucunun kitablar vasitəsilə məlumata malik olması sərginin bizim üçün əhəmiyyətini artırır”.

 

Nazirlik nümayəndəsi sərgidə nümayiş olunan kitabların əksəriyyətinin rus dilində olduğunu qeyd edib: "Bununla yanaşı, Azərbaycan dilində və ingilis dilində olan kitabları da nümayiş etdiririk. Sərgi bu gün işə başlayıb. Lakin buna baxmayaraq Azərbaycanın stendinə maraq böyükdür”.  

 

Qeyd edək ki, Rusiya və bir sıra ölkələrin iştirak etdiyi Moskva Beynəlxalq Kitab Sərgisi Yarmarkası sentyabrın 10-dək davam edəcək.

 

 



© APA 2017