Mədəniyyət xəbərləri

Bakıda Azərbaycan milli geyimlərinin sərgisi açılıb

17:55 04-07-2017

Bakıda Azərbaycan milli geyimlərinin sərgisi açılıb

Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib.

 

APA-nın məlumatına görə, sərgidə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərginin açılmasında məqsəd Azərbaycan geyimlərini olduğu kimi təqdim etmək, onları dəyişikliyə məruz qalmaqdan qorumaqdır: “Sərgidə Azərbaycan, Gürcüstan, İran İslam Respublikasındakı muzey və kolleksiyalarda aparılmış tədqiqatlar nəticəsində bərpa olunmuş, XIX əsrin sonu-XX əsrin əvvəllərində istər şimali, istərsə də Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq eksponat, 20-dən artıq tam qadın və kişi geyim dəstləri, 70-dən artıq unikal rəsm və fotoşəkil, müvafiq tarixi məlumatlar, həmçinin Muzey tərəfindən müxtəlif illərdə nəşr olunmuş etnoqrafik kitab və kataloqlar təqdim olunur”.

 

Geyimlərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbirə Dünyamalıyeva çıxışında milli geyimlərin müxtəlif vaxtlarda təhriflər olunmasına diqqət çəkib. Onun sözlərinə görə, milli geyim standartlarına uyğun olaraq ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim komplektləri tikilib.

 

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək sərgiyə giriş sərbəstdir.



© APA 2017