Mədəniyyət xəbərləri

Bakıda Kukla Teatrları Həftəsi başlayıb

11:12 17-06-2008

Bakıda Kukla Teatrları Həftəsi başlayıb

Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda Kukla Teatrları Həftəsinə start verilib. APA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd müxtəlif sənət düşüncələrini bir araya gətirərək, respublikada fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq fəaliyyətlərinin təhlil edilməsi və mütəxəssis rəyinin öyrənilməsidir. Kukla Teatrları Həftəsi çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında E. Rəhimzadənin “Nağıllar aləmində”, Gəncə Dövlət Kukla Teatrının kollektivi Ə. Səmədlinin “Artıq tamah baş yarar”, F. Tarverdiyevin “Oğul-Noğul”, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi A. Şaiqin “Özəl bahar”, A. Ağaqızının “Qaraca qız”, Qax Dövlət Kukla Teatrının kollektivi R. Əlizadənin “Tülkünün uçuşu”, A. Ağazadənin “Tənbəl Əhməd”, Salyan Dövlət Kukla Teatrının kollektivi F. Ağayevin “Cırtdan və sehrbaz”, A. Şaiqin “Danışan kukla” tamaşalarını nümayiş etdirəcəklər. Kukla Teatrları Həftəsi iyunun 21-dək davam edəcək. Qeyd edək ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 1931-ci ildə dram aktyoru Mollağa Bəbirlinin təşəbbüsü və rəhbərliyi ilə Bakıda kiçik truppa şəklində fəaliyyətə başlayıb. Teatr müxtəlif illərdə Gənc Tamaşaçılar Teatrının və Dövlət Filarmoniyasının nəzdində fəaliyyət göstərib. 1965-ci ildən müstəqil sənət ocağıdır, 1974-cü ildə teatra Abdulla Şaiqin adı verilib.


© APA 2018