Mədəniyyət xəbərləri

Əbülfəs Qarayev Azər Paşa Nemətova “Vətənə xidmətə görə” ordenini təqdim edib

17:25 25-12-2017

Əbülfəs Qarayev Azər Paşa Nemətova “Vətənə xidmətə görə” ordenini təqdim edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovu qəbul edib. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Əbülfəs Qarayev diqqətə çatdırıb ki, prezident İlham Əliyevin 11 avqust 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azər Paşa Nemətov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Nazir Azər Paşa Nemətovun Azərbaycan teatrının inkişafında xüsusi xidmətlər göstərdiyini qeyd edib və bildirib ki, o, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri vəzifəsinə gətirildikdən sonra teatrın fəaliyyətində ciddi irəliləyişlər olub: “İndi teatr öz repertuarını daha da zənginləşdirərək yeni-yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlir. Həmçinin Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri də yüksək səviyyədə qeyd olunur. İnanıram ki, teatrın gələcək fəaliyyətində bu uğurlar daha böyük səviyyədə davam etdiriləcək”.

 

Əbülfəs Qarayev əlavə edib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının qəbul edilməsi, ölkə prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlar bu sahənin inkişafına böyük təkan verib. Respublikada mövcud olan teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində addımlar atılıb: “Azərbaycan teatrının beynəlxalq səviyyədə tanıdılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Teatrlarımızın yaradıcı kollektivləri bir sıra xarici ölkələrin səhnələrində çıxış edir, eyni zamanda respublikamızda beynəlxalq teatr konfransları və festivallar təşkil olunur”.

 

Nazir sonda Azər Paşa Nemətovu təltif münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini xalq artistinə təqdim edib.

 

Azər Paşa Nemətov xidmətlərinə verdiyi böyük qiymətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Xalq artisti Azərbaycan teatrının inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağını deyib. 



© APA 2018