Mədəniyyət xəbərləri

Elza İbrahimovanın məzarı ziyarət edilib

18:34 10-01-2018

Elza İbrahimovanın məzarı ziyarət edilib

Mədəniyyət və incəsənət xadimləri II Fəxri xiyabanda xalq artisti Elza İbrahimovanın məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, anım mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın həyat və fəaliyyətindən danışıb. Bildirib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq il ərzində Elza İbrahimovanın 80 illik yubileyi çərçivəsində tədbirlər keçiriləcək.

 

Nazir müavini qeyd edib ki, Elza İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin parlaq ulduzlarından biridir.

 

Qeyd olunub ki, Elza İbrahimova 1938-ci il yanvarın 10-da Hacıqabul rayonunda ziyalı ailəsində anadan olub. İlk musiqi təhsilini Bakı şəhərində 8 nömrəli musiqi məktəbində alıb. 1953-1957-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində oxuyub. 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında böyük bəstəkar Qara Qarayevin sinfində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində başlayan bəstəkar 1970-1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985-1993-cü illərdə Asəf Zeynallı adına Musiqi kollecində çalışıb.

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artist Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi çıxış edərək Elza İbrahimovanın həyat və fəaliyyətindən danışıblar.

 

Bəstəkarın qardaşı Çingiz İbrahimov ziyarət mərasiminə gələnlərə minnətdarlığını bildirib.

 

 



© APA 2018