Mədəniyyət xəbərləri

Emin Sabitoğlunun 80 illiyi qeyd olunacaq

17:22 20-11-2017

Emin Sabitoğlunun 80 illiyi qeyd olunacaq

Azərbaycan Dövlət Akademik Filarmoniyasında xalq artisti Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

 

APA-nın məlumatına görə, Gecədə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və maestro Rauf Abdullayev, ikinci hissədə isə Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və tanınmış müğənnilərin ifasında bəstəkarın simfonik əsərləri və mahnıları səslənəcək.

 

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir çox məşhur kinofilmlərə yazılan maraqlı, yaddaqalan musiqi müəllifi kimi də tanınır. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi Azərbaycanın qızıl fonduna daxil edilmiş sənət incilərindəndir.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına yazdığı musiqi isə Emin Sabitoğlunun yaradıcılığında xüsusi yer tutur. Görkəmli bəstəkar 1978-ci ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1986-cı ildə Dövlət mükafatı laureatı, 1997-ci ildə “Şöhrət” ordeninə, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 

 

Qeyd edək ki, yubiley tədbiri Azərbaycan prezidentinin “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli sərəncamının icrasına əsasən təşkil ediləcək.



© APA 2018