Mədəniyyət xəbərləri

Fidan Hacıyeva tələbələri ilə birgə Mahnı Teatrında konsert verib

18:43 14-06-2017

Fidan Hacıyeva tələbələri ilə birgə Mahnı Teatrında konsert verib

Azərbaycanın xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva və onun rəhbərlik etdiyi Musiqi Mərkəzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsert proqramı ilə çıxış edib.

 

Fidan Hacıyeva APA-ya bildirib ki, bu, bir il bundan əvvəl - 2016-cı il mayın 1-də açılışı olmuş Musiqi Mərkəzinin ilk böyük solo konsertidir: “Həmişə böyük arzum olub ki, öz mərkəzimi yaradım və illər boyu öyrəndiyim vokal sənətini tələbələrimə çatdırım. Altı yaşından musiqi ilə məşğulam. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinfində, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma (vokal) fakültəsində Hüseyn Əliyevin sinfində təhsil almışam, aspirantura pilləsinə qədər çatmışam. 19 yaşımda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşam, 21 yaşımda ən gənc Karmen və digər obrazları yaratmışam. İtaliyada Kidjiano Akademiyasında laureat olmuşam, burada həm də Bruno Balionidən, Rusiyada xalq artisti, dünya şöhrətli - İrina Arxipovadan vokal sənəti üzrə ustad dərsləri almışam. Bunlar hamısı bir təcrübədir. Bu illər ərzində topladığım vokal texnikasını, klassik musiqi təcrübəsini öz tələbələrimə ötürmək istədim. Dünyanın ən məşhur opera ifaçılarının öz musiqi mərkəzləri var. Məsələn, Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi, Bruno Balioni Mərkəzi və digərləri. Mən də istədim ki, Azərbaycanda belə bir mərkəzimi yaradım. İyunun 11-də təqdim etdiyimiz solo konsertimiz bir il ərzində çəkdiyimiz zəhmətin nəticəsidir".

 

F.Hacıyeva qeyd edib ki, Musiqi Mərkəzindəki tələbələri ayrı-ayrı peşələrin sahibləridir: “Tələbələrimin arasında 7 yaşında olanı da var, yaşı 50-dən yuxarı olanı da. Lakin bunların hamısına Allah gözəl səs, istedad verib. Onlar dünya bəstəkarlarının, italyan bəstəkarlarının əsərlərini, Neopolitan mahnılarını oxuyur, ən çətin əsərlərin öhdəsindən gəlirlər”.

 

Müğənni həm də istedadlı gənclərə müraciət edib: “Kimin səsi var gəlsin, qulaq asım, istedadı olanları üzə çıxaraq”.

 

Xalq artisti onu da deyib ki, Azərbaycanda opera-film çəkilməsini arzu edir.



© APA 2017