Mədəniyyət xəbərləri

Gənc pianoçuların respublika müsabiqəsinin yekun konserti olub

13:28 16-06-2017

Gənc pianoçuların respublika müsabiqəsinin yekun konserti olub

Gənc pianoçuların III respublika müsabiqəsinin 15 İyun - Qurtuluş gününə həsr olunmuş yekun konserti keçirilib.

 

APA-nın xəbərinə görə, konsert Beynəlxalq Muğam Mərkəzində baş tutub.

 

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 1-23 may tarixlərində gənc pianoçuların ənənəvi respublika müsabiqəsi təşkil edilib.

 

Müsabiqə 2 turdan ibarət olaraq, 9-18 yaşlı uşaq və gənclər arasında 3 yaş qrupu üzrə (I qrup: 9-11 yaş, II qrup: 12-14 yaş, III qrup: 15-18 yaş) regionlar üzrə Bakı, Gəncə, Şəki şəhərləri və Ağcabədi, Ağstafa, Xaçmaz, Masallı rayonlarında keçirilib.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, respublikanın əməkdar müəllimi, professor Nərminə Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyəti 400-ə yaxın şagird və tələbənin çıxışını qiymətləndirib.

 

Münsiflər heyətinin qərarına əsasən, Qara Qarayev adına Mərkəzi İncəsənət, Bakı və Naftalan şəhər musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, Sumqayıt Musiqi Kollecinin və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri müsabiqənin müxtəlif diplomlarına layiq görülüblər.

 

Konsertə “APA Holding” informasiya dəstəyi verib.

 



© APA 2017