Mədəniyyət xəbərləri

Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” sərgisi açılıb

10:19 14-12-2017

Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” sərgisi açılıb

Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” adlı sərgi açılıb.

 

APA-nın məlumatına görə, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim olunur. Reproduksiyalar görkəmli sənətkarın əsərlərinin real ölçülərində və yüksək keyfiyyətdədir.

 

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Karavacco - Opera Omnia” sərgisinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu vacib mədəniyyət hadisəsi İtaliya və Azərbaycanın diplomatik əlaqələrinin qurulmasının 25 illik yubileyinə həsr olunub: “Biz İtaliya-Azərbaycan əlaqələrinə ciddi önəm veririk. İki ölkə arasında olan iqtisadi, siyasi və mədəni əlaqələr ildən ilə möhkəmlənir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın mədəniyyəti və incəsənəti dəfələrlə İtaliyanın müxtəlif şəhərlərində təqdim olunub. Fondun dəstəyi ilə İtaliya mədəniyyətinin ən məşhur nümunələri Azərbaycanda nümayiş olunub. Eyni zamanda Azərbaycan rəssamları, heykəltəraşları İtaliyada müxtəlif sərgilərdə təmsil olunur, bu sərgilərdən sonra onlar çox böyük uğurlar qazanırlar”.

 

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. Səfirin sözlərinə görə, tədbir iki ölkənin diplomatik əlaqələrinin 25 illiyinin qeyd edilməsində çox mühüm rol oynayır: “Belə sərginin təşkili xüsusi əhəmiyyət kəsb edir. Çünki bu rəssamın əsərləri böyük anlam kəsb edir. Biz səfirlik olaraq Heydər Əliyev Mərkəzi ilə birlikdə bu sərginin təşkilindən məmnunluğumuzu bildiririk.  Dəvət etdiyimiz memar sərginin son təşkilati işlərini görərkən, Azərbaycandakı kimi heç yerdə peşəkarlara rast gəlmədiyini dedi. Ümid edirəm, bizim gələcəkdə də bu sahədə əməkdaşlığımız davam edəcək. Bu layihə rəssamın bütün işlərini tam əhatə edir”.

 

Qeyd edək ki, Mikelancelo Merizi da Karavacco (1571-1610) XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerasına Romada başlayıb. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

 

"Karavacco - Opera Omnia" sərgisi isə Karavaco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur.

 

Sərgi İtaliya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2003-cü ildə təşkil olunub və bir sıra ölkələrdə, sonuncu dəfə isə Gürcüstanda təqdim edilib.

 

Heydər Əliyev Mərkəzindəki sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.



© APA 2018