Mədəniyyət xəbərləri

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

01:13 11-03-2018

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

İstanbuldakı “Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə sənətkarın son illərdə peyzaj janrında sulu və yağlıboya ilə çəkdiyi əsərləri nümayiş etdirilir.

 

Türkiyənin incəsənət ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılış mərasimində APA-ya açıqlama verən rəssam Teymur Ağaəlioğlu deyib: “Bu, mənim indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində açdığım 40-cı fərdi sərgimdir, iştirak etdiyim qrup sərgilərinin sayını isə bilmirəm. Sənətkarlar müəyyən mərhələləri keçəndən sonra qrup sərgilərində ciddi seçim apararaq iştirak etməlidirlər. Yaradıcılığımın bundan sonrakı mərhələsinin əsas hədəfi-Qərb ölkələrinin mühüm qalereyalarında fərdi sərgilər açmaqdır. Çünki Türkiyənin ən mühüm muzey, kolleksiya və qalereyalarında  mənim hədəfimi təmin edəcək qədər tablolarım var”.

 

Rəssam Teymur Ağaəlioğlu 1953-cü ildə Gürcüstanın Borçalı bölgəsində anadan olub. İncəsənət  təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi İncəsənət akademiyasında alıb. 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayan sənətkar, son illərdə yaradıcılıq işlərini İstanbulda  davam etdirir. Rəssam Ağaəlioğlu İstanbulun Tophane səmtində qurduğu sənət emalatxanasında təcrübəsini emalatxananın daimi müdavimləri ilə bölüşür.



© APA 2018