Mədəniyyət xəbərləri

“Leyli və Məcnun” operasının Moskvada nəzərdə tutulan premyerasının vaxtı dəyişdirilib

17:56 11-10-2017

“Leyli və Məcnun” operasının Moskvada nəzərdə tutulan premyerasının vaxtı dəyişdirilib

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Moskvada oktyabrın 16-da nəzərdə tutulan premyerasının vaxtı dəyişdirilib.

 

Bu barədə APA-ya xalq artisti, Məcnun rolunun ifaçısı Mənsum İbrahimov məlumat verib.

 

O qeyd edib ki, operanın premyerasının vaxtının dəyişdirilməsi sırf texniki səbəblərlə  bağlıdır: “Burada təxirə salınmaqdan söhbət getmir, yalnız təşkilati işlərlə bağlı olan texniki məsələdir. Opera Moskvada gələn ilin fevralında nümayiş olunacaq. Hazırda dəqiq vaxt müzakirə olunur”.

 

M. İbrahimov deyib ki, təşkilatçılarla aparılan müzakirələrdən sonra premyeranın dəqiq vaxtı ilə bağlı çox güman ki, sabah qərar veriləcək: “İnanıram ki, opera uğurla nümayiş olunacaq, həmişə olduğu kimi zəngin Azərbaycan mədəniyyətini xaricdə layiqincə təmsil edəcəyik”.

 

 

Qeyd edək ki, səhnə əsərinin Moskvada Azərbaycan Milli Konservatoriyası və Rusiyadakı  Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nümayişi nəzərdə tutulub.

 

Tamaşada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə Beynəlxalq müsabiqələrin laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

 

 

Xatırladaq ki, şərqin ilk operası olan “Leyli və Məcnun”u Üzeyir Hacıbəyli 1907-ci ildə yazıb. 1908-ci il yanvarın 25-də əsərin Tağıyev teatrında ilk tamaşası olub.

 

“Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açılıb, eyni zamanda müsəlman Şərqində opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılıb.

 

“Leyli və Məcnun”un ilk tamaşasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

 

Tamaşada Hüseynqulu Sarabski (Məcnun), Ə. Fərəcov (Leyli), C. Dağıstani (İbn Səlam), M. Kazımovski (Məsnunun anası), Mirzə Muxtar (Məsnunun atası), İ. Qasımov (Leylinin atası), S. Vəzirov (Leylinin anası) çıxış edib.



© APA 2017