Mədəniyyət xəbərləri

Bakıda “Sevilya bərbəri” operası nümayiş olunacaq

16:00 14-04-2018

Bakıda “Sevilya bərbəri” operası nümayiş olunacaq

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcəklər.

 

Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir. O, Avropa, ABŞ, Cənubi Koreyanın bir çox tanınmış simfonik orkestrləri ilə birgə çıxışlar edib. Hazırda Milanın “Cantelli” orkestrinin baş dirijoru və İtaliyanın mötəbər musiqi festivalı "Milano: 5 Giornateperla Nuova Musica"nın bədii rəhbəridir.

 

“Sevilya bərbəri” operasının tamaşasında Azərbaycanın opera sənətini teatrın  solistləri - xalq artisti Əli Əsgərov (Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) təmsil edəcəklər.



© APA 2018