Mədəniyyət xəbərləri

“Nar bağı” filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq

11:28 09-10-2017

“Nar bağı” filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq

Azərbaycanın “Nar bağı” filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq.

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, festival 25 oktyabr-2 noyabr tarixlərində Los-Ancelesdə keçiriləcək. Rəsmi müsabiqədə yer alan 20 Asiya filmindən “Nar bağı” daxil olmaqla 12-i “Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası (“Oskar” mükafatı) uğrunda mübarizə aparır.

 

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

 

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırır.

 

Qeyd edək ki, 2011-ci ildə İ. Nəcəf “Buta” filminə görə “Ən yaxşı uşaq filmi” nominasiyasında Asia Pacific Screen Award mükafatı ilə təltif olunub.



© APA 2017