Mədəniyyət xəbərləri

Nazirlik: Musiqi məktəblərində müəllimlərin ixtisarına yol verilməyib

18:03 21-12-2017

Nazirlik: Musiqi məktəblərində müəllimlərin ixtisarına yol verilməyib

Bakı şəhərindəki uşaq musiqi və incəsənət məktəblərinin 2017-ci ildə fəaliyyətlərinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirdə paytaxtın uşaq musiqi və incəsənət məktəblərinin il ərzində həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Müşavirədə həmçinin növbəti illərdə reallaşdırılacaq kompleks tədbirlər, dərs bölgüsü, müəllimlərin attestasiyası və digər məsələlər diqqətə çatdırılıb.

 

Şöbədən əlavə ediblər ki, hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 211 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə fortepiano, xalq çalğı alətləri, simli, nəfəsli və zərb alətləri, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya və digər ixtisaslar üzrə tədris aparılır. Məktəblərdə 15500 nəfərdən çox müəllim çalışır. 2017-ci il üzrə dövlət büdcəsindən uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün ayrılan maliyyə vəsaitinin müəyyən qədər azalmasına baxmayaraq, heç bir məktəbdə müəllimlərin ixtisarına yol verilməyib.

 

Bu sahədə işin daha da təkmilləşdirilməsi məqsədilə il ərzində respublikanın müxtəlif regionlarındakı məktəblərdə monitorinqlər aparılıb. Bəzi məktəblərdə dərs bölgüsünün düzgün aparılmadığı, müəllimlərə ixtisaslarına uyğun olmayan dərslərin tədrisinin həvalə olunduğu, bir sıra fənlərin tədris olunmadığı aşkar edilib. Monitorinqlərin nəticəsi olaraq yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq intizam tənbehi tədbirləri görülüb, bir neçə məktəb direktoru işdən azad edilib. Dərs saatlarının bölgüsü yenidən aparılıb. Buna görə də bəzi müəllimlərin dərs saatında müəyyən azalmalar baş verib.



© APA 2018