Mədəniyyət xəbərləri

Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq

16:13 14-06-2017

Opera və Balet Teatrında “Traviata” operası nümayiş olunacaq

İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət edilib.

 

Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlayıb. O, musiqinin müxtəlif janrlarında - opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış edib.

 

Tamaşada Alfred rolunu ifa etmək üçün Ukrayna Milli operasının solisti, Ukraynanın əməkdar artisti Dmitri Kuzmin (Alfred) dəvət olunub.

 

Violetta partiyasını Azərbaycanın əməkdar artisti İnarə Babayeva ifa edəcək. Tamaşada həmçinin xalq artisti Əli Əsgərov (Markiz), əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor) və Səbinə Əsədova (Flora) çıxış edəcəklər. 



© APA 2017