Mədəniyyət xəbərləri

Opera və Balet Teatrında "Xanəndənin taleyi” tamaşasının premyerası keçiriləcək

14:50 13-09-2017

Opera və Balet Teatrında

Oktyabrın 7-də Opera və Balet Teatrında xalq artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasının premyerası keçiriləcək.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşa 109-cu mövsümün ilk premyerasıdır. Cahangir Cahangirov “Xanəndənin taleyi” operasını 1978-ci ildə qələmə alıb və həmin ildə opera səhnəyə qoyulub. Tamaşa XX əsrin əvvəllərində Azərbaycanda çox məşhur olan müğənni Mir Səidin taleyindən, onun hələ gənc ikən Avropaya mühacirət etməsi, qürbətdə vətən həsrəti ilə yaşamasından bəhs edir. Operanın ilk quruluşunda əsas partiyanı xalq artisti Baba Mahmudoğlu ifa edib.

 

Yeni quruluşda isə əsas qəhrəmanın obrazını teatrın solisti - əməkdar artist İlkin Əhmədov yaradacaq. Premyera tamaşasında Azərbaycanın əməkdar artistləri Afaq Abbasova (Xanım), Fərid Əliyev (Rəşid bəy), Səbinə Vahabzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova (Xanəndə qız), solistlər Tural Ağasıyev (Aşur bəy), Fəhmin Əhmədli (Qasım), Tələt Hüseynov (Məmməd) çıxış edəcəklər.

 

Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

 

Səhnə tərtibatı və kostyum eskizlərinin müəllifi əməkdar mədəniyyət işçisi, rəssam Tehran Babayevdir.

 



© APA 2017