Mədəniyyət xəbərləri

Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

16:15 05-10-2017

Qəbələdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

Beynəlxalq Memarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin, “Gilan Holdinq”in dəstəyi, Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi başa çatıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bu münasibətlə oktyabrın 5-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə əvvəlcə beynəlxalq müsabiqə iştirakçılarının memarlıq əsərlərinin fotoşəkillərindən ibarət sərgi açılıb. Müsabiqəyə təqdim olunmuş bütün işlər maraqla qarşılanıb.

 

Tədbirdə III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin münsiflər heyətinin sədri, Beynəlxalq Memarlıq İttifaqının sabiq prezidenti Vassilis Squtas, üzvlər - Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə, beynəlxalq təşkilatın Şura üzvü Patrik Kolombye, Beynəlxalq Memarlıq İttifaqının sabiq baş katibi Mişel Barmaki, sabiq vitse-prezident Hayder Ali çıxış edib. Natiqlər iki ildən bir Bakıda keçirilən bu müsabiqənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bu açıq beynəlxalq müsabiqə dünyanın tanınmış memarları ilə yanaşı, gənc memarların da böyük marağına səbəb olub və burada iştirak edənlərin sayı getdikcə artmaqdadır.

 

Elbay Qasımzadə Azərbaycanda memarlığın inkişafına göstərilən dövlət qayğısından, gənclərin bu sahəyə marağından danışıb. O qeyd edib ki, Beynəlxalq Memarlar İttifaqı tərəfindən hazırda dünyada 5 müsabiqə keçirilir, bunun biri də Bakı Beynəlxalq Memarlıq Müsabiqəsidir. İlk müsabiqədə Azərbaycanı 4, ikinci müsabiqədə 18, üçüncü müsabiqədə isə 53 memar təmsil edib. Məlumat verilib ki, bu müsabiqədə 22 ölkədən (Azərbaycan, İtaliya, İspaniya, Rusiya, Portuqaliya, Səudiyyə Ərəbistanı, Yunanıstan, Şri Lanka, Vyetnam, Rumıniya, Fransa, Çexiya, Gürcüstan, Əfqanıstan, Yaponiya, Qabon, Pakistan, Malaziya, Qırğızıstan, İran, Cənubi Afrika Respublikası) 156 iştirakçının əsərləri təqdim edilib.

 

Müsabiqə “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr”, “Memarlıq sahəsində ən yaxşı jurnalist işi və tənqid» (internetdə yaxud dərc olunmuş)” nominasiyaları üzrə keçirilib. Müsabiqəyə təqdim olunan əsərlər 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən iki gün ərzində qiymətləndirilib. Bu gün axşam saat 20:00-da müsabiqənin nəticələri elan olunacaq, qaliblərə pul mükafatı və hədiyyələr veriləcək. Müsabiqəyə təqdim olunmuş layihələr, əsasən də bütün mükafatlandırılan layihələr Azərbaycan Memarlar İttifaqının “Memar” jurnalının III Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə həsr olunmuş nəşrində çap ediləcək.

 



© APA 2017