Mədəniyyət xəbərləri

Qoçaq Əsgərov fransız caz ustası ilə birgə albom buraxıb

15:26 15-11-2017

Qoçaq Əsgərov fransız caz ustası ilə birgə albom buraxıb

Muğam ifaçısı Qoçaq Əsgərovun fransız caz ustası Pyer de Treqomenlə birgə “Muğham souls” albomu işıq üzü görüb.

 

APA-nın məlumatına görə, bu münasibətlə noyabrın 26-da Parisin San-Jülyen-le-Povr kilsəsində Azərbaycanın Dostları Assosiasiyasının dəstəyi ilə konsert keçiriləcək.

 

İtaliyada buraxılan disk musiqi dünyasında əlamətdar hadisədir. Albom caz musiqisi ilə UNESCO-nun Qeyri maddi-mədəni irsi siyahısında yer almış, sufi ənənəsini özündə əks etdirən muğamın birgə uğurlu ifası ilə ərsəyə gəlib.

 

Qoçaq Əsgərov və Pyer de Treqomen muğamın və sərbəst, qeyri-kanonik üslubda ifa olunan melodik parçaların Qərb melodiya çalarları ilə sintezini həyata keçiriblər. Hər iki ifaçını kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov, pianoda Vasif Hüseynzadə müşayiət edəcəklər.

 

Konsertdən əvvəl albomun Azərbaycanda təqdimatı nəzərdə tutulub. Tədbir Fransanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunacaq.



© APA 2018