Mədəniyyət xəbərləri

Sakıp Sabancı Muzeyinin direktoru : ”Bu sərgi Səlim Turanı Türkiyəyə daha yaxşı tanıtma məqsədi daşıyır” - MÜSAHİBƏ

19:25 10-06-2017

Sakıp Sabancı Muzeyinin direktoru : ”Bu sərgi Səlim Turanı Türkiyəyə daha yaxşı tanıtma məqsədi daşıyır” - MÜSAHİBƏ

Əli bəy Hüseynzadənin oğlu Səlim Turanın İstanbuldakı Sakıp Sabancı Muzeyində davam edən sərgisi barədə muzeyin direktoru, sənətşünaslıq doktoru  Nazan Ölçərin  APA-ya müsahibəsi

 

-  İstanbul Universitetinin əsas binası  təmirə bağlananda  Səlim Turan və Feyhaman Duranın oradakı tablolarını buraya gətirmişdinz. İndi hər iki rəssamın sərgisini açdınız. Səlim Turanın Türk və dünya rəsm sənətindəki yeri barədə nə deyə bilərsiniz?

 

- Səlim Turan önəmli rəssamımızdır. Türkiyədə çox tanınmamasının səbəbi-ömrünün böyük  bölümünü xaricdə (Fransada)  keçirməsindən irəli gəlir. O illərdə Türkiyədə də az sərgidə iştirak edib. Ancaq Fransaya getməsi onun sənəti üçün çox faydalı olub. Orada tamamilə başqa bir atmosferdə və çox tanınmış rəssamlarla birgə  çalışıb. Heyrətverici şəkildə-oraya gedər-getməz sənət dairələrində Səlim Turanı qəbul edirlər. Çox önəmli sərgilərdə iştirak edir. Məsələn, bir sərginin iştirakçılarını seçmək üçün jüridə bu gün dünyanın ən öndə gedən Miro,  Matiss kimi sənətkarları olub. Səlim Turan onların seçdiyi sənətkarlardan biri kimi sərgidə iştirak edib. Həm də  bu iş  Səlim Turan Parisə gedən kimi baş verir. Səlim Turanın dəyərinin uzun müddət geniş sənət dairələri tərəfindən başa düşülməməsinin bir səbəbi budur. Ondan əlavə-son dərəcə sadə, dərviş ruhlu xarakteri olub,  səssizliyi ilə də öz önünə divar hörüb. Türkiyəyə gələndə mən onunla tanış olmuşdum. Həyat yoldaşı Şaiqə xanım da sənətkar idi. Onun ailəsini daha yaxşı tanıyıram, nəsildə qazı, hüquqçu, doktor var, mühüm alimlər var, önəmli nəsildir. Birgə həyat sürməkdən çox xoşbəxt olublar. Səssiz və məhsuldar bir ömür keçiriblər. Səlim Turanın sənətində 2-3 mərhələ var. Türkiyədə ikən çəkdiyi tablolar daha realist, hətta sosial-realist deyə biləcəyimiz tərzdədir. Peyzaj, mənzərə  çəkməyib, əməkçi insanlar, şəhərin kənarında yaşayan yoxsul insanlar onun diqqətini cəlb edib. Sərgimizdə də o dönəmə aid tabloları var. Fransadakı sənət mühiti  onu tamamilə başqa bir iqlimə sövq edir, orada abstrakt tablolar çəkməyə başlayır. Sənət ictimaiyyəti arasında çox təqdirlə qarşılanır. Unutmayaq ki, Səlim Turan çox fərqli   elm-sənət mühitində böyümüş bir sənətkardır. Atası çox məşhur adam olub, anası ziyalı bir qadın idi, evlərinə gələn insanların çoxu sənət ruhu  daşıyıb, siyasətçilər, xəttatlar evlərində qonaq olub. Bir çox tarixi şəxsiyyət  Səlim Turanın böyüdüyü evdə olub. Səlim Turan o atmosferdən böyük mənəvi qida alıb. Ona görə Səlim Turanın sənətini yetişdiyi mühitə baxaraq anlamaq lazımdır. Əsərlərində xətt sənətinin izləri var, çünki uzun müddət  xətt sənətiylə maraqlanıb. Dəri üzərində  əsərlər yaradıb, miniatür tərzində əsərləri var. Ancaq nəticədə Paris ona öz yolunu tapdırıb. Bu cür sənətkarlar həyatlarının axırında çıxdıqları köklərə geri qayıdarlar. Yaradıcılığa başladıqları dönəmdə çəkdiklərini bir daha təcrübədən keçirərlər, son dövrə yenidən gənclik illərinin izləri düşər. Səlim Turan son illərində qədim əfsanələrin dünyasına dalır, oymaqlara gedir, məcazlar, təsəvvüf düşüncələri-hamısı geri qayıdır. Türkmən kəndi sanki onu yenidən başqa bir aləmə daşıyır. Orada yapdığı fırlanan heykəlləri biz burada nümayiş etdiririk, onlar ilk dəfə nümayiş etdirilir. Biz bu sərgiylə Səlim Turanı daha  geniş ictimaiyyətə tanıtmağı arzu etmişik. Uğurlu bir iş gördüyümüzə inanıram. İnsanlar da çox sadə bir adam  olan bu sənətkarı daha yaxından tanısınlar.

 

- Səlim Turanla eyni dönəmlərdə Parisdə Fikrət Mualla, Mübin Orhon, daha sonra Komet, Əli Atmaca, Mustafa Altuntaş və başqaları vardı. Türkiyədə Səlim Turan kimləri öz arxasınca apara bildi?

 

-  Hakkı Anlı. Biz də bu sərgiyə o dönəmdə Səlim Turana yaxın olmuş rəssamları daxil etdik. Sənin dediklərindən başqa sənətkarlar da var. Hamısı bir-birinə çox yaxın olublar. Onlar qədər başqaları da var, məsələn, bu sərgiyə fransızları da qoyduq. Təbii ki, bizim sərgimizdə böyük ölçüdə, 1-2 kolleksiyaçıdan aldığımız əsərlər var, qalanları Səlim bəyin xanımının İstanbul universitetinə hədiyyə verdiyi tablolar və heykəllərdir. Buna “Retsospektiv” demək çox çətindir. Parisdə çəkdiyi, orada satılan və ya çəkdiyi divar rəsmləri  barədə məlumatımız yoxdur. Fransanın cənubunda  divarlarına rəsmlər çəkdiyi o  binalar qaldımı-qalmadımı? Təəssüf ki, onlar barədə məlumatlar məndə də, bu sərginin kuratorunda da yoxdur. Fransada çəkdiyi tabloların önəmli qismi oradakı kolleksiyalara və muzeylərə gedib, bu sərgidə onlara da əlimizin çatması mümkün olmadı. Bu sərgimizin mükəmməl olmadığını demirəm, çox uğurlu sərgi olduğuna əminəm, amma  gələcəkdə daha böyük, daha mükəmməl, daha geniş əhatəli sərgi aça biləcəyimizə inanıram. Yaradıcılığının bütün dövrlərindəki  əsərlərindən nümunələrin yer tuta biləcəyi, divar rəsmlərinin xeyli fotolarını çəkdirərək, kolleksiyaçılardan daha çox əsər istəyərək geniş bir sərgi açma arzumuz var. Bir sənətkarı həyatı boyunca dəyərləndirməyin yolu da oradan keçir. Bu, birinci addım və uzun illərdən sonra açılmış ilk böyük sərgisidir. Ölümündən sonra  bir sərgisi açılmışdı, Atatürk Kültür Mərkəzinin yuxarı  mərtəbəsində bir sərgisi olub. Ona görə gələcəkdə onun əsərləriylə daha çox üz-üzə gələcəyik.

 

- Kolleksiyaçılarla və qalareyaçılarla danışanda, hamısı deyir ki, Səlim bəyə ən yaxın adam mən olmuşam. Məsələn, Aykut Kazancıgil deyir ki, ən yaxın dostu mən idim, Yahşi Baraz deyir ki, 1980-ci illərin əvvəllərində onu Türkiyəyə mən gətirdim və s...

 

- O sözləri bir az endirimli dinləyin. Yahşi Barazı endirimli dinləyin. Buraya gəlmişdi, dedi ki, Səlim bəyin bu tablolarının hamısını mən satmışam. Dedim ki, sata bilməzsiniz, bunların hamısı universitetdədir, Şaiqə xanım oraya hədiyyə verib. Bəlkə buna bənzəyən tabloları olub, ancaq bunlar ola bilməz. Elə deyil. Onun Türkiyə sənət bazarına gəlməyini xatırlayıram, 1970-ci illərdə gəldi. O illərdə tablo alan ox az olduğuna görə, Barazın da işləri çətin idi. Ancaq sonradan rəsm bazarında özünə bir yol açdı. Yahşi Baraz Türkiyədəki rəsm bazarında tanınan adamdır, ancaq, qardaşım, o tabloları sən sata bilməzdin axı.

 

-  Səlim Turanın atası Azərbaycanın peşəkar rəsm sənətinin banisidir. Atası barədə danışardımı?

 

- Səlim Turanı bir  dəfə görmüşdüm. Türk-islam əsərləri muzeyində olanda xanımıyla mənim yanıma gəldilər. Baldızı gətirmişdi. 1980-ci illər idi.

Sakit adam idi, kolleksiyalara baxdı, əlyazmalarını gördü. Çox nəzakətli adam idi, baxıb getdilər. Onu yaxından tanıdığımı söyləməyim düz olmaz. Ancaq təbii ki, atasının məşhur və hörmətli bir adam olduğunu bilirik. Kaş ki, siz keçən həftə Nəcmi Sönməz ilə danışa biləydiniz. Nəcmi Sönməz Almaniyada yaşayan sənət tarixçisidir, "Yapı kredi nəşriyyatı" bu yaxınlarda onun iri həcmli Selim Turan kitabını çap etdi. Səlim Turanın bizdə açılmış sərgisi üçün  kurator kimi ondan dəqiq insanı seçə bilməzdik. Hər şeyi Nəcmi bəy çox yaxşı bilir.

 

- Tabloları İstanbul Universitetinə geri qaytaracaqsınızmı?

 

- Bəli, bizdə qala bilməz, hamısını geri qaytaracağıq. O tabloların bizə gəlməsi tablolar üçün yaxşı oldu, çünki İstanbul Universitetinin mərkəzi binasında təmir başlayacaqdı, əsərlərə  təmir vaxtı, şübhəsiz, çox  ziyan dəyəcəkdi. Rektor bunu görərək tabloları bizə verdi, hamısını geri qaytaracağıq və inşallah, bizdəki qədər yaxşı, bizdəki  qədər gözəl nümayiş etdirərlər.

 

- İndilik Səlim Turan barədə bir az danışdıq. Növbəti dəfə atanız, Türkiyə Türkologiyasının beşiyi başında durmuş  dünya şöhrətli alim, professor Əhməd Cəfəroğlu barədə danışarıq. Daha sonra Türk rəsm sənətinin bugünkü durumu barədə.

 

- Məmnuniyyətlə...

 



© APA 2017