Mədəniyyət xəbərləri

Tofiq Quliyev adına Musiqi Məktəbinin hesabat konserti keçirilib

15:59 05-03-2018

Tofiq Quliyev adına Musiqi Məktəbinin hesabat konserti keçirilib

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli 11 illik Musiqi Məktəbinin hesabat konserti keçirilib.

 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Macarıstanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər. 

 

Konsertdə dirijor-xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə məktəbin istedadlı şagirdlərinin ifasında Azərbaycan və qərbi avropa bəstəkarlarının əsərləri səsləndirilib. Konsertin sonunda məktəbin şagirdi - Prezident təqaüdçüsü Fidan Hüseynova və xor kollektivlərinin IX respublika müsabiqəsinin qalibi olmuş böyük xor kollektivi Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər. 

 

Qeyd edək ki, "APA Holding" tədbirin informasiya dəstəkçisidir.



© APA 2018