Mədəniyyət xəbərləri

UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Cənubi Qafqaz regionunda ilk konfransını Bakıda keçiriləcək

13:24 23-10-2007

UNİTED  Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Cənubi Qafqaz regionunda ilk konfransını Bakıda keçiriləcək

Avropa Gənclər Fondu və Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə 23-28 oktyabr tarixlərində UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsinin Bakıda konfransı keçiriləcək. Bu, adı çəkilən qurumun Cənubi Qafqaz regionunda təşkil etdiyi ilk konfransdır. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfrans “Sərhədləri aşaraq - gənclərin mədəniyyətlərarası fəaliyyətləri” başlığı altında gerçəkləşəcək. Konfransda Ermənistan istisna olmaqla, Avropa Şurasına üzv olan 32 dövlətdən 80-dək qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq. Konfrans iştirakçıları əsasən Avropada islamofobia və antisemitizm aktları, faşizm və millətçiliklə mübarizəyə dair müzakirələr və təcrübə mübadiləsi aparacaqlar. Tədbir zamanı Avropada və xüsusilə də Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər də müzakirə olunacaq. Xatırladaq ki, Azərbaycanda keçiriləcək tədbirin proqramı 2007-ci ilin aprelində İspaniyanın Madrid şəhərində keçirilmiş işçı qrupunun iclasında müəyyən edilib. Novxanıdakı Aqva Park İstirahət Mərkəzində keçiriləcək konfransın rəsmi açılış mərasimi 24 oktyabr Park İnn otelində təşkil ediləcək. Qeyd edək ki, UNİTED Mədəniyyətlərarası Fəaliyyət Şəbəkəsi Avropada irqçilik əleyhinə ən böyük qurumdur və 49 ölkədən olan 560-dək qeyri-hökumət təşkilatını (QHT) özündə birləşdirir. UNİTED 1992-ci ildə təsis edilib və katibliyi Amsterdam şəhərində yerləşir. UNİTED-in əsas məqsədi Avropada irqçilik, millətçilik, faşizm və diskriminasiyaya qarşı mübarizə aparmaq, qaçqınlara və miqrantlara yardım göstərməkdir. UNİTED-in Azərbaycandakı yerli tərəfdaşı “Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası” İctimai Birliyidir. Birlik 2006-cı ilin avqust ayında təsis edilib və həmin ilin dekabr ayında Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. /APA/


© APA 2017