Mədəniyyət xəbərləri

Yaşar Nuri: “Səhnəsiz həyat mənə lazım deyil” - FOTOSESSİYA

19:18 13-06-2008

Yaşar Nuri: “Səhnəsiz həyat mənə lazım deyil” - FOTOSESSİYA

Bakı. Ülkər Qasımova - APA. “Altı ay müddətində hiss elədim ki, mən tək aktyor, sənətkar kimi yox, həm də şəxsiyyət kimi sevilmişəm”. APA-nın məlumatına görə, bu fikirləri İstanbul Memorial Xəstəxanasında əməliyyat olunan və bu gün Vətənə qayıdan Azərbaycanın xalq artisti Yaşar Nuri hava limanında jurnalistlərə açıqlamasında deyib.
Səhnə və tamaşaçıları üçün çox darıxdığını deyən aktyor yaxın vaxtlarda yaradıcılığa başlamaq niyyətindədir: “Sənət adamı istirahət edə bilmir. Əgər bacarsam, iki gün istirahət edəcəyəm. Teatr, səhnə, kameralar üçün çox darıxmışam. Səhnəsiz həyat mənə lazım deyil. Sentyabrın 3-də 58 yaşım tamam olacaq”. Ağır əməliyyatdan sonra özünü çox yaxşı hiss etdiyini açıqlayan Yaşar Nuri hətta bunu sübut edə biləcəyini də vurğulayıb: “Top kimiyəm, bunu hamınızın gözü qarşısında sübut edə bilərəm. İstəsəniz, qaçaram. Ümumiyyətlə, mənim həyata gəlişim də əziyyətli olub. Anadan olanda 5 kiloqram 400 qram çəkisində idim. Ona görə də həyatımda əziyyətlər çox olub”. Dövlət başçısı İlham Əliyevə və Azərbaycan rəhbərliyinə ona göstərdikləri qayğıya görə təşəkkürünü bildirən xalq artisti İstanbul Memorial Xəstəxanasında olarkən bir çox insanların ona baş çəkdiyini qeyd edib. O, yaxın vaxtlarda Əfqan Əsgərovun “Qız atası” əsəri əsasında hazırlanacaq tamaşada oynacağını da deyib: “Hazırda Akademik Milli Dram Teatrı əsaslı təmirə dayandırılıb. Dənizçilər Evində yeni tamaşalar hazırlanacaq. Eyni zamanda Vaqif Mustafayevin yeni serialında və filmində, Eldar Quliyevin rejissorluğu ilə yeni çəkiləcək ekran əsərində rol alacağam. Gənc aktyor Fərdanın hazırladığı yeni layihədə də mən varam. Yəni dayanmaq fikrim yoxdur”. Qeyd edək ki, mayın 15-də İstanbul Memorial Xəstəxanasında xalq artistinə yeni qaraciyər köçürülüb.










© APA 2018